Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Həyat Dərsləri - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    “Aramıza böyük bir uçurum qoyulmuşdur”

    (Lk. 16:19-31)

    Zəngin adam və yoxsul Lazar haqqındakı məsəldə Məsih onu demək istəyir ki, insan artıq bu həyatda ikən öz əbədi aqibətini həll edir. Yerdəki həyatın sınaqları içində Allahın lütfü hər bir cana təklif edilir. Ancaq əgər insan öz imkanlarım ehtiraslarını ödəmək üçün sərf edirsə, o özünü əbədi həyatdan ayırır. Heç bir yeni sınaq vaxtı ona daha verilməyəcəkdir. Öz şəxsi seçimləri ilə, insanlar özləri və Allah arasında keçilməz uçurum yaradırlar.HD 194.1

    Bu məsəl özünün Allahdan asılılığını hiss etməyən zəngin ilə, Allahı özünə yeganə istinadgah eləmiş yoxsul arasındakı ziddiyyəti göstərir. Məsih bəyan edir ki, zaman gələcək insanların bu iki təbəqəsi yerlərini dəyişərək, indiki yerlərinin əksində olacaqlar. Dünya nemətlərilə kasıb olan, lakin iztirablarında səbir edərək Allaha qısılanlar bir zaman dünyada uca mövqe tutan, ancaq həyatını Allaha həsr etməyənlərdən üstün tutulacaqlar.HD 194.2

    “Bir nəfər, — Məsih deyir, — çox zəngin idi, mor və incə kətandan paltar geyir və hər gün təmtəraqla kef edərdi. Lazar adlı bir yoxsul var idi. Onun bədənini yara bürümüşdü və o, zəngin adamın qapısı ağzında uzanmışdı. Zəngin adamın süfrəsindən tökülən qırıntılarla qarnını doydurmaq arzusunda idi”.HD 194.3

    Bu zəngin adam özünün Allahı tanımadığını və insanlara qarşı laqeyd olduğunu açıq-açığına bəyan edən günahkar hakim sinfinə mənsub deyildi. Bu zəngin özünü İbrahimin oğlu hesab edirdi. O, məsəldə təsvir edilmiş yoxsul ilə kobud davranmırdı, onu çirkin görkəminə görə qovmurdu. Əgər bu yazıq, bədbəxt, heybət doğuran insan darvazadan içəri daxil olan zəngini gördüyü zaman rahat qala bilirdisə, zəngin də onun mövcudluğuna dözürdü. Ancaq öz iztirab çəkən qardaşının ehtiyaclarına o biganə qalırdı.HD 195.1

    O dövrdə xəstələrə xidmət göstərən xəstəxanalar mövcud deyildi. İztirab çəkənlər və ehtiyacı olanlar Rəbbin var-dövlət bəxş etdiyi adamların diqqətini özlərinə cəlb etmək istəyirdilər ki, onlardan bir qədər kömək və şəfqət ala bilsinlər. Zəngin ilə yoxsul da bu vəziyyətdə idilər. Lazarın yardıma çox ehtiyacı var idi: onun nə dostları, nə evi, nə pulu, nə də yeməyi var idi. O hər gün eyni ağır vəziyyətdə qaldığı halda, zəngin əsilzadə özünün istədiyi arzusunu ödəmək imkanına malik idi. Öz yaxınının iztirablarını yüngülləşdirmək üçün hər cür imkana malik olaraq, o, yalnız özü üçün yaşayırdı, necə ki, bizim günlərdə çoxları yaşayırlar.HD 195.2

    Bu gün də bizim yanımızda çoxlu ac, yoxsul və evsiz adamlar vardırlar. Öz vasitələrimizlə bu ehtiyacı olanlarla və iztirab çəkənlərlə bölüşməməyimiz üzərimizə nə vaxtsa rastlaşmaq istəmədiyimiz təqsir yükü qoyur. Hər cür tamahkarlıq bütpərəstlik kimi mühakimə edilir. Öz ehtiraslarına və cismani istəklərinə xidmət etmək Allah qarşısında təhqiramizdir.HD 195.3

    Allah zəngin adamı Öz vasaitlərinin sərəncamçısı təyin etmişdir və Allahın fikrincə, onun vəzifələrinə məhz ağır vəziyyətə düşmüş adamlara kömək etmək daxil idi. Bizə deyilmişdir: “Allahınız Rəbbi bütün qəlbinizlə, bütün varlığınızla, var gücünüzlə sevin” (Qan.tək. 6:5) və “qonşunuzu özünüz kimi sevin” (Lev. 19:18). Zəngin adam ibrani idi və təbii ki, Allahın bu əmrlərini bilirdi. Lakin o unutmuşdu ki, ona etibar edilmiş vəsait və imkanların sərf edilməsinə görə məsuliyyət daşıyır. Ona bolluqla Rəbbin xeyir-duası verilmişdi, ancaq o onlardan eqoistcəsinə, Yaradanını deyil, özünü izzətləndirmək üçün istifadə elədi. Qazancın artması ilə onun malik olduğu var-dövlətdən bəşəriyyətin xeyri naminə istifadə etməsinin məsuliyyəti də böyüyürdü. Rəbb belə buyurmuşdu, ancaq zəngin özünün Allah qarşısındakı vəzifələrini heç düşünmürdü. O, faizlə borc pul verirdi, lakin Allahın onun sərəncamına verdiyinin bir qismini də Ona qaytarmırdı. Ona bilik və istedad bəxş olunmuşdu, ancaq o onları artırmaq üçün səy göstərmirdi. Özünün Allah qarşısındakı məsuliyyətini və Ona hesabat verəcəyini unudaraq, bütün qüvvəsini öz ehtiraslarını ödəmək üçün sərf edirdi. Onu əhatə edən hər şey: məşğuliyyət və əyləncə dairəsi, yoldaşlarının tərif və yaltaqlıqları eqoist təbiətinə həzz vermək üçün idi. Öz yoldaşları ilə ünsiyyətə o qədər cəlb edilmişdi ki, Allahın mərhəmət işində Onunla əməkdaşlıq etmək vəzifəsini tamamilə unutmuşdu. Allahı dərk edib, öz həyatında Onu rəhbər tutmaq imkanına malik idi, lakin onun seçdiyi cəmiyyətdə hökm sürən həzlərin dalınca qaçmaq onun bütün vaxtını almışdı və o, əbədi Allahı unutmuşdu.HD 195.4

    Bu iki adamın vəziyyətlərinin dəyişdiyi vaxt gəlib çatdı. Uzun illər boyunca əziyyət çəkən, lakin bütün iztirabları səbirlə və deyinmədən keçirən yoxsul öldü və torpağa tapşırıldı. Onun üstündə ağlayan yox idi; ancaq iztirablar içində öz mətinliyi ilə o, Məsih haqqında şəhadət edirdi, o, iman sınağından çıxmışdır və ölümündən sonra mələklər tərəfindən İbrahimin qucağına götürülmüş təsvir edilibdir.HD 196.1

    Lazar burada Məsihə iman edən hər bir yoxsulu təcəssüm etdirir. Şeypur çalınan zaman və qəbirlərdə olanların hamısı Məsihin səsini eşidərək dirilən zaman onlar öz mükafatlarını alacaqdırlar; çünki onların Allaha olan imanları yalnız nəzəriyyə yox, canlı həqiqət idi.HD 196.2

    “Zəngin adam da öldü və dəfn edildi. Ölülər aləmində əzab çəkdiyi zaman gözlərini qaldırıb, uzaqda İbrahimi və qucağında olan Lazarı gördü və bağıraraq dedi: Ey İbrahim ata! Mənə yazığın gəlsin, Lazarı göndər barmağının ucunu suda islatsın və mənim dilimi sərinlətsin; zira mən bu alovda əzab çəkirəm”.HD 196.3

    Bu məsəldə Məsih insanlarla onların öz təsəvvürləri əsasında, malik olduqları təsvirlərdən istifadə edərək söhbət edir. Onların çoxu hesab edirdi ki, ölüm və dirilmə arasında insan şüurlu vəziyyətdə olur. Xilaskar bu mövhumatları bilirdi və buna görə də Öz məsəlində onlardan istifadə etdi ki, insanlara mühüm həqiqətləri açsın. Sanki O, dinləyicilərin qarşısında güzgü qoydu ki, onlar orada özlərinin Allahla münasibətlərinin həqiqi vəziyyətini görə bilsinlər. O bu geniş yayılmış təhrifdən istifadə etdi ki, Öz dinləyicilərinin diqqətini mühüm bir həqiqətə cəlb etsin: insanın ləyaqəti onun mülkiyyətinin həcmi ilə ölçülmür, çünki onun malik olduğu hər şey əslində ona məxsus deyildir, ona Rəbb tərəfindən borc verilibdir. Bu ənamların düzgün sərf edilməməsi onun sahibini Allahı sevən və Ona etibar edən ən kasıb və zavallı insandan alçaq edəcəkdir.HD 197.1

    Məsih istəyirdi ki, Onun dinləyiciləri başa düşsünlər ki, öldükdən sonra canı xilas etmək artıq mümkün olmayacaqdır. “Ey övladım! — deyə İbrahim məsəldə zənginə cavab verir, — yadına sal ki, sən öz həyatında yaxşı şeyləri aldın, Lazar isə pis şeyləri aldı; lakin indi o, təsəlli tapır, ancaq sən əzab çəkirsən. Bundan başqa, sizinlə bizin aramızda böyük bir uçurum qoyulmuşdur ki, burdan sizin tərəfə keçmək istəyənlər keçə bilmir, eləcə də oradan bizim yanımıza keçmirlər”. Bu sözlərlə Məsih ikinci sınaq dövrünün tam əhəmiyyətsiz olduğunu göstərir. İndiki yerdəki həyat insanın əbədiyyətə hazırlaşması üçün ayrılmış yeganə vaxtdır.HD 197.2

    Zəngin özünün İbrahimin övladı olması fikrindən yenə də əl çəkmir və son dərəcə iztirab çəkdiyi zaman o, məsəldə ondan kömək uman təsvir edilibdir. “Ey İbrahim ata! — yalvarır o, — mənə yazığın gəlsin”. Ancaq o, Allaha yox, İbrahimə müraciət edir. Beləliklə o, İbrahimi Allahdan üstün tutur və xilas edilməsinə bütün ümidlərini İbrahimə bağlayır. Çarmıxdakı quldur yalvararaq, Məsihə müraciət etdi. “Ya Rəb! Öz Padşahlığına gəldiyin zaman məni yada sal!” (Lk. 23:42). Dərhal da cavab aldı: “Doğrusun sənə deyirəm ki, bu gün, Mənim çarmıxda, iztirab və alçaldılma içində olduğum zaman, sən Mənimlə bərabər cənnətdə olacaqsan”. Zəngin isə İbrahimə müraciət etdi və istəyinə nail olmadı. Allah “Rəis və Xilaskar olaraq İsrailə tövbə və günahların bağışlanmasını vermək” üçün yalnız Məsihi yüksəltdi (Həv. iş. 5:31). “Çünki göy altında olan insanlara verilmiş başqa bir isim yoxdur ki, onunla xilas ola bilək” (Həv. iş. 4:12).HD 197.3

    Zəngin adam öz həyatını həzz almağa xərclədi və çox gec baxıb gördü ki, əbədiyyətə tamamilə hazır deyildir. Öz ağılsızlığını dərk edib, dəhşətə gələrək qardaşları haqqında düşündü, o kəslər ki, öz ehtiraslarına rəvac verərək onun yolu ilə gedəcəkdilər. Onda o, İbrahimə müraciət etdi: “Ey Ata! Elə isə səndən rica edirəm ki, onu atamın evinə göndər, zira, mənim beş qardaşım vardır, qoy onları agah etsin ki, bu əzab yerinə gəlməsinlər”. Fəqət İbrahim dedi: “Onların Musası və peyğəmbərləri var; qoy onları dinləsinlər”. O isə dedi: “Xeyr, ey İbrahim ata! Yalnız ölülərdən biri gələrsə, onlar tövbə edərlər”. O zaman İbrahim ona dedi: “Əgər onlar Musanı və peyğəmbərləri dinləmirlərsə, ölülərdən biri dirilsə belə, inanmazlar”.HD 198.1

    Zəngin adam yalvarıb, öz qardaşlarının tövbə etməsi üçün əlavə şəhadət təqdim olunmasını istədiyi zaman ona deyildi ki, belə bir şəhadət onlara verilsə də, onları inandıra bilməyəcəkdir. Zəngin adamın bu xahişi əslində Allahın Sözünü şübhə altına alır. O sanki Allaha deyir: “Əgər Sən məni vaxtında lazımınca xəbərdar etsəydin, mən bura düşməzdim”. İbrahim məsəldə ona cavab verir: “Sənin qardaşların kifayət qədər xəbərdarlıq alıbdırlar. Onlara işıq verilmişdir, amma onlar onu görmək istəmirlər; onlara həqiqət təqdim edilmişdir, amma onlar onu dinləmək istəmirlər”.HD 198.2

    “Əgər onlar Musanı və peyğəmbərləri dinləmirlərsə, ölülərdən biri dirilsə belə, inanmazlar”. İbrani xalqının tarixi bu sözləri tamamilə təsdiq edir. Məsihin göstərdiyi son möcüzə, Onun missiyasının tacı olan möcüzə — Beytanyalı Lazarın ölümündən dörd gün sonra dirilməsi idi. Bu möcüzə ibranilər üçün Xilaskarın İlahiliyini təsdiq edən təkzibolunmaz şəhadət olmalı idi, lakin onlar bu şəhadəti qəbul etmədilər. Lazar ölülərdən dirilib onlara şəhadət edirdi, amma onlar bütün şəhadətlər üçün ürəklərini bərkitmişdilər və hətta Lazarı öldürmək istəyirdilər (Yəh. 12:9-11).HD 199.1

    Musanın vasitəsilə Allahın göndərdiyi qanun və peyğəmbərlərin şəhadətləri Allahın insanların xilas edilməsi üçün istifadə etdiyi vasitələrdir. Öz məsəli ilə Məsih deyir: “Bu şəhadətləri dinləyin. Lakin əgər siz Allahın səsini Onun sözündə dinləmirsinizsə, onda ölülərdən dirilənin şəhadətinə də inanmayacaqsınız”.HD 199.2

    Musanı və peyğəmbərləri dinləyənlərə isə Allahın onlara bəxş etdiyi işıqdan artıq lazım deyildir; lakin əgər insanlar bu işığı rədd edir və malik olduqları imkanlardan istifadə etmirlərsə, ölülərdən kimsə dirilib onların yanına xəbərlə gəlsə belə, onlar inanmayacaqlar. Onları bu şəhadət də inandırmayacaqdır; çünki peyğəmbərlərin verdiyi qanunu rədd edənlər ürəklərini o qədər bərkidiblər ki, hər cür işığı da rədd edəcəklər.HD 199.3

    İbrahimin bir zaman zəngin olan adamla söhbəti ibrətamiz metaforadır. Bu söhbətdən çox faydalı bir nəticə çıxarılmalıdır ki, hər bir adama Allahın onun üzərinə qoyduğu vəzifələri icra etməsi üçün kifayət qədər işıq verilmişdir. İnsanın Allah qarşısındakı məsuliyyəti Allahın ona verdiyi imkanlar və qabiliyyətlərlə müəyyən edilir. Allah hər kəsə tapşırdığı işi yerinə yetirmək üçün lazım olan qədər işıq və lütf verir. Lakin əgər insan hətta ona verilmiş kiçik işığın göstərdiyini etmirsə, böyük işıq verilmiş xeyir-dualardan istifadə etmək də onun etibarsızlığını və bacarıqsızlığını ifşa edəcək. “Az şeydə sadiq olan çoxda da sadiqdir, fəqət az şeydə sədaqətsiz olan çoxda da sədaqətsizdir” (Lk. 16:10). Musanın və peyğəmbərlərin şəhadət işığını rədd edərək, hansısa möcüzə göstərmək tələb edirlərsə, onlara göstərilsə belə, iman edə bilməyəcəklər.HD 199.4

    Zəngin adam və Lazar haqqındakı məsəl göstərir ki, bu iki adamın timsalında iki sinif insan gözəgörünməz dünyada necə dəyərləndirilirlər. Əgər salehliklə əldə edilibsə, zənginlik öz-özlüyündə günah hesab edilmir. Zəngin adam varlı olduğuna görə məhkum edilməyib; ona görə məhkum edilir ki, ona etibar edilmiş vəsaitləri eqoist məqsədlər üçün xərcləyir. Yaxşı olardı ki, öz pullarını Allahın taxtı qarşısına qoyaraq, onları xeyirxah işlərə sərf edəydi. Özünü bu tərzdə əbədi dəyərlər axtarışına həsr edən adamı ölüm yoxsul edə bilməz. Yalnız özü üçün vardövlət yığan adam isə onları özü ilə göylərə apara bilməyəcəkdir. O, yalnız özünü sədaqətsiz sərəncamçı kimi göstərir. Yaşadığı zaman o hər şeydən faydalanırdı, ancaq özünün Allah qarşısındakı borcunu unutmuş, buna görə də səma sərvətlərinə nail olmamışdır.HD 200.1

    Bu qədər üstünlüklərə malik olan məsəldəki bu zəngin adam elə bir insanı təsvir edir ki, o, malik olduğu ənamları çoxaltmalı idi ki, onun işləri genişlənib çiçəklənərək, ona getdikcə daha çox xeyir-dua bəxş edəydi. Qurtuluşun məqsədi də bundan ibarətdir — yalnız bizim günahlarımızı silmək deyil, ancaq həm də insana o ruhlu ənamları qaytarmaq ki, onları günahın dağıdıcı gücü altında itirmişdir. Pulları gələcək həyata aparmaq mümkün deyildir, onlar orada gərəksizdir; amma Məsih üçün canlar cəlb etməyə həsr edilmiş xeyirxah işlərimiz bizim ardımızla səma həyətlərinə gedirlər. Rəbbin ənamlarını eqoistcəsinə özlərinə xərcləyənlər isə ehtiyacı olan həmqardaşlarını köməksiz qoyaraq və Allahın işinin qabağa getməsi üçün heç nə etməyərək, Yaradanı təhqir edirlər. Səma kitablarında onların adı qarşısında bu günah qeyd edilmişdir: Allahdan oğurlayan.HD 200.2

    Zəngin adam pul ilə əldə etmək mümkün olan hər şeyə malik idi, ancaq bütün dünyadakı var-dövləti onun Allaha olan borcunu ödəmək üçün kifayət etməzdi. O elə yaşayırdı ki, sanki malik olduğu hər şey yalnız ona məxsus idi. O, Allahın çağırışını və iztirab çəkən yoxsulların ehtiyaclarını rədd etdi. Amma axırda rədd edə bilmədiyi çağırış onu yaxaladı. Onun müqavimət göstərə bilməyəcəyi qüdrət və şübhə altına ala bilmədiyi nüfuz ona əmr edir ki, artıq sərəncamçısı olmadığı mülkiyyəti tərk etsin. Nə vaxtsa zəngin olan adam indi ümidsiz yoxsula çevrilir. Məsihin səma dəzgahında toxunmuş salehlik paltarı onu heç vaxt örtə bilməyəcəkdir. Bir zamanlar mor və incə kətana bürünən şəxs çılpaq qalacaqdır. Onun sınaq vaxtı tükəndi. O, dünyaya heç nəyi olmayaraq daxil oldu və özü ilə dünyadan heç nə götürə bilmir.HD 200.3

    Burada Məsih səma örtüyünü qaldıraraq, kahinlərə və hökmdarlara, qanunşünaslara və fəriseylərə vahiməli təsvir göstərir: “Baxın, ey dünyəvi nemətlərlə zəngin, lakin Allah qarşısında yoxsul olanlar. Bu səhnə sizi düşünməyə vadar etmirmi?” İnsanların gözündə yüksək dəyərləndirilən şeylər Allah qarşısında murdardır. Məsih soruşur: “İnsan bütün dünyanı qazanıb, öz canını itirsə, ona nə fayda olacaqdır? Çünki insan öz canı əvəzinə nə verə bilər?” (Mk. 8:36, 37).HD 201.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents