Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Həyat Dərsləri - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Bərəkətli torpaqdakılar

    Əkinçinin zəhməti xoşbəxtlikdən həmişə əbəs olmur. Bərəkətli torpağa düşmüş toxum haqqında Xilaskar deyir ki, “o, Kəlamı eşidər, anlayar və doğrudan da səmərə verər, bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə gətirər”. “Bərəkətli torpaq üzərinə düşənlər isə onlardır ki, Kəlamı eşidib, sadiq və təmiz ürəkdə saxlayırlar və səbirlə səmərə verirlər”.HD 33.1

    Məsəldə göstərilən “sadiq və təmiz ürək” heç də günahsız ürək deyil, axı Xoş Xəbər günahkarlar üçün gəlmişdir. Məsih demişdir: “Mən salehləri deyil, günahkarları tövbəyə çağırmağa gəlmişəm” (Mk. 2:17). Sadiq və təmiz ürək Müqəddəs Ruh üçün açıq olanlardır. Onlar günahkar olduqlarını dərk edərək Allahın mərhəmət və məhəbbətinə ehtiyac duyurlar. Həqiqəti səmimiyyətlə dərk edib ona təslim olmaq istəyirlər. Təmiz ürək — imanlı ürəkdir, İlahi Kəlama imanla yaşayan ürəkdir. İman gətirmədən bu Kəlamı qəbul etmək olmaz. “Çünki Allaha yaxınlaşan iman etməlidir ki, O var və Onu axtaranlara mükafat verir” (İbr. 11:6).HD 33.2

    Deməli, “Kəlamı eşidib sadiq və təmiz ürəkdə saxlamağın” mənası bunda imiş. Məsihin zamanında fəriseylər görməmək üçün gözlərini yumur, eşitməmək üçün qulaqlarını tuturdular və ona görə də həqiqət onlara çatmırdı. Bilərəkdən özlərini bilməməzliyə və görməməzliyə vurduqları üçün onları cəza gözləyir. Məsih isə Öz şagirdlərinə ürəklərini və şüurlarını Onun sözləri üçün açıb iman etməyi tövsiyə edirdi. Onlar görüb və eşidərək iman etdikləri üçün Məsih onlara xeyir-dua verdi.HD 33.3

    Bərəkətli torpağa bənzədilmiş dinləyici — Kəlamı “bəşəri söz olaraq deyil, əslində olduğu kimi, Allahın sözü olaraq qəbul edir” (1 Salon. 2:13). Müqəddəs Kitabı yalnız o kəslər həqiqətən dərk edə bilər ki, onlar onu Allahın şəxsən onlara aid olan Sözü kimi qəbul edirlər. Onlar Sözə həssaslıq və müqəddəs həyəcanla yanaşırlar, çünki onlar üçün o, canlı həqiqətdir. Onlar Kəlama iman etmək üçün şüurlarını və ürəklərini ona təslim edirlər. Kornelius və yoldaşları məhz belə dinləyicilər idilər ki, həvari Peterə belə dedilər: “İndi biz hamımız Allahın sənə əmr etdiyi hər şeyi dinləmək üçün burada, Allahın qarşısında hazırıq” (Həv. iş. 10:33).HD 34.1

    Həqiqətin dərk olunması idrakın gücündən çox, istəklərin paklığından və həqiqi imanın sadəliyindən asılıdır. Allahın mələkləri o kəslərə yaxınlaşırlar ki, onlar ürəkdən gələn səmimiyyətlə İlahi rəhbərlik umurlar. Müqəddəs Ruh həqiqət xəzinəsini məhz onlara açır.HD 34.2

    Məsihin bərəkətli torpağa bənzətdiyi insan Kəlamı eşidərkən onu qəlbində elə möhkəm saxlayır ki, şeytan öz şər qüvvəsi ilə bu cəvahiri həqiqi məsihçidən oğurlaya bilmir.HD 34.3

    Kəlamı, sadəcə, eşitmək, yaxud da onu oxumaq azdır. Kim həqiqətən bir şeyə nail olmaq istəyirsə, Kəlamın gətirdiyi həqiqət üzərində uzun müddət və əzmlə düşünməlidir. Ciddi diqqət və dua ilə düşüncələr həqiqəti dərk etməyə və Müqəddəs Kitabın mənasını dərindən başa düşməyə gətirəcəkdir.HD 34.4

    Allah bizə əqlimizi ali və təmiz düşüncələrlə doldurmağı tövsiyə edir. O istəyir ki, biz daim Onun mərhəməti və məhəbbəti haqqında düşünərək, möcüzələrlə dolu qurtuluş planını dərk edə bilək. Bu təqdirdə Onun ali həqiqətləri aydınlaşaraq, bizim qəlblərimizi təmizləyib, şüurumuzu paklaşdırmaq istəyimizi gücləndirəcəkdir. Daim pak olan müqəddəs düşüncələr əhatəsində qəlb Allah Kəlamı vasitəsilə Allahla ünsiyyətdə olaraq yeniləşir.HD 34.5

    “... və səmərə verirlər”. Sözü eşidərək, onu qoruyub saxlayanlar iman qazanacaqlar. Qəlbə nüfuz etmiş Allah Kəlamı mütləq özünü yaxşı əməllərdə büruzə verəcəkdir. Bu, Məsihin xasiyyətinə oxşar xasiyyətdə və insanın həyatında əyani görünəcəkdir. Məsih Özü haqqında demişdir: “Ey Allahım, Sənin istəyinə əməl etmək Mənə zövq verir, Qanununu qəlbimdədir” (Məz. 40:8). “Mən öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirirəm” (Yəh. 5:30). Müqəddəs Kitab belə deyir: “Kim deyirsə ki, Onda yaşayır, O necə hərəkət etdisə, özü də eyni cür hərəkət etməlidir” (1 Yəh. 2:6).HD 35.1

    Allah Kəlamı insanın irsi və əldə edilmiş xarakter cəhətlərinin əksini təşkil edir. Lakin bərəkətli torpağa bənzəyən dinləyici Kəlamı eşidərkən, onun bütün şərtlərini və tələblərini qəbul edir. Öz vərdişlərini, adətlərini və yaşayış qaydalarını Allah Kəlamına təslim edir. Onun gözlərində fani olan, səhvə yol verə bilən bəşər qanunları əbədi olan Allah Kəlamı yanında aciz görünür. O, sidq ürəklə və geri dönmədən, əbədi həyata tərəf gedir. O, könüllü və sevinclə tabe olduğu həqiqətə nəyin bahasına olursa-olsun, itkilərdən, təqiblərdən və ölümdən belə qorxmayaraq sadiq qalacaqdır.HD 35.2

    Bu təqdirdə belə insan “səbirlə” səmərə verəcək. İlahi Kəlamı qəbul edənlərdən heç kim imtahan və çətinliklərdən azad olmur, lakin bu zaman onlar təlatüm, imansızlıq və bədbinliyə qapılmırlar. Zamanla yaranmış vəziyyətdən çıxış yolu görməyib, Allahın bizim haqqımızdakı məqsədlərini dərk etmiriksə də, son nəticədə hər şeyin yaxşı olmasına inamı itirməməliyik. Biz Rəbbin məhəbbət və mərhəmətini unutmadan, öz qayğılarımızı Ona həvalə edib səbirlə Onun bəxş edəcəyi qurtuluşu gözləməliyik.HD 35.3

    Münaqişə və dramlar bizim ruhlu həyatımızın inkişafında müəyyən dərəcədə rol oynayırlar. Mətinliklə qarşılanmış çətinliklər bizim xasiyyətimizi möhkəmlədib, gözəl ruhlu keyfiyyətlər şəklində qiymətsiz ruhlu səmərə verəcəkdir. Qaranlıq və şimşəklər arasında iman, ləyaqət və məhəbbətin səmərəsi daha da artır.HD 35.4

    “Budur, əkinçi ilk və son yağmuru alıncaya qədər, yerin qiymətli məhsulunu səbirlə gözləyir” (Yaq. 5:7). Eyni ilə məsihçi də Allah Kəlamı onun həyatında öz məhsulunu verincəyə qədər səbirlə gözləməlidir. Tez-tez, Ruhun məhsulu haqqında dua edərkən, Allah bu dualara bizi yerləşdirdiyi və ruhlu məhsulun yetişməsinə səbəb olan şəraitlə cavab verir, ancaq biz isə Onun məqsədini anlamayaraq, hadisələrin gözlənilməz dönüşünə təəccüblənərək, təlatüm içində oluruq. Lakin unutmaq olmaz ki, heç kəs uzunmüddətli inkişaf yolu keçmədən Müqəddəs Ruhun bu məhsulunu əldə edə bilməz. Bizim vəzifəmiz Allah Kəlamını mənimsəyib, ondan möhkəm tutmaq və özümüzü onun rəhbərliyinə təslim etməkdən ibarətdir. Bu təqdirdə gec, ya tez istənilən nəticə əldə olunacaqdır.HD 36.1

    “Kim Məni sevərsə, sözümə riayət edər; və Atam onu sevər və biz onun yanına gedib onunla bərabər məskən salarıq” (Yəh. 14:23). Yenilməz qüdrət mənbəyi ilə canlı ünsiyyətdə olduğumuz üçün, ali və kamil təfəkkür bizi idarə edəcəkdir. Öz ruhlu həyatımızı İsa Məsihə tabe edəcəyik. Bu zaman biz əvvəlki kimi eqoist həyat keçirməyəcəyik, çünki Məsih bizdə yaşayacaqdır. Bizim həyatımız Onun xasiyyətini nümayiş etdirəcəkdir. Beləliklə, Müqəddəs Ruh bizlərdə bar verəcəkdir — “biri otuz, biri altmış, biri isə yüz qat səmərə ilə”.HD 36.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents