Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Rəbdə Sevinc

    Həyatları Allahın xeyirxahlığına və mərhəmətinə şəhadət edən Allah övladları Məsihin nümayəndələri olmağa çağırılıblar. İsa bizə Atanın həqiqi xasiyyətini açdığı kimi, biz də Məsihi, Onun zərif məhəbbəti haqqında bilməyənlərə açmalıyıq. İsa dua edərkən demişdir: “Sən Məni dünyaya göndərdiyin kimi Mən də onları dünyaya göndərdim”. “Mən onlarda, Sən də Məndə olmaqla bütünlüklə bir olsunlar ki, dünya Sənin Məni göndərdiyini, Məni sevdiyin kimi onları da sevdiyini bilsin” (Yəhya 17:18,23). Həvari Pavel də İsanın şagirdlərinə yazmışdır: “Bütün insanların tanıdığı, oxuduğu, ürəklərimizə yazılmış məktubumuz sizsiniz. Xidmətimizin nəticəsi olan bir Məsih məktubu olduğunuz aydın görünür; bu məktub mürəkkəblə yox, var olan Allahın Ruhu ilə daş lövhələrə deyil, ət ürəklərə yazılıb.” (2 Korinflilərə 3:2,3). Özünün hər bir övladının simasında İsa bu dünyaya məktub göndərir. Əgər siz Məsihin davamçısısınızsa, onda O sizin simanızda sizin ailənizə və bütün qonşularınıza məktub göntərir. Bizdə yaşayan İsa istəyir ki, Onunla tanış olmayan hər bir kəsin hislərinə və düşüncələrinə daxil olsun. Ola bilsin ki, onlar Müqəddəs Kitabı oxumurlar və onun səhifələrindən onlara yönələn səsi eşitmirlər, həm də Allahın yaratdıqlarında təzahür edən məhəbbəti görmürlər. Lakin əgər siz Məsihin sadiq nümayəndəsisinizsə, onda ola bilsin ki, onlar sizin vasitənizlə Onun rəhmdilliyini dərk etsinlər və onlarda Onu sevmək və Ona xidmət etmək duyğusu oyansın.AAY 104.1

    Məsihçilər göylərə aparan yolu işıqlandırmağa təhkim olunmuşdurlar. Onlar Məsihdən aldıqları işıqla dünyanı işıqlandırmalıdırlar. Onların həyatları və xasiyyətləri insanlara Məsih və Onun xidmətləri haqqında düzgün təsəvvür verməlidir.AAY 105.1

    Məsihin əsl davamçıları Ona xidməti, əslində olduğu kimi, cəzbedici edəcəkdirlər. Öz qəlblərində qəm-qüssə daşıyan, deyinən və şikayətlənən məsihçilər başqalarında Allah haqqında və məsihçi həyatı haqqında düzgün olmayan təsəvvür yaradırlar. Onlar elə təsəvvür yaradırlar ki, elə bil Allah Öz övladlarının xoşbəxtliyini istəmir və bununla onlar bizim Səmavi Atamız haqqında yanlış şəhadət edirlər.AAY 105.2

    Allah övladlarını inamsızlığa və məyusluğa düçar edə biləndə, İblis şadlanır. O bizim Allaha etibar etmədiyimizi və Onun bizi xilas etməyə hazır olduğuna və gücünə şübhə etdiyimizi görəndə bədxahcasına sevinir. Biz fikirləşəndə ki, Allahın qabaqgörənliyi bizə zərər verir, o şənlənir. Şeytan əlindən gələn hər bir şeyi edir ki, Allahı rəhmsiz və qəddar təsvir etsin. O, həqiqəti təhrif edir və insanlara Allah haqqında yanlış təsəvvürlər təlqin edir. Biz isə İlahi həqiqət haqqında düşünmək əvəzinə çox tez - tez fikrən şeytanın yanlış təsəvvürləri üzətində dururuq və Allaha etibar etməməklə, Ona narazılıq etməklə Allaha şərəfsizlik göstəririk. Şeytan daim dini həyatı nə iləsə bulandırmağa, qəm - qüssə ilə doldurmağa çalışır. O istəyir ki, bu həyat bezdirici və çətin görünsün. Və əgər məsihçi öz həyatı ilə din haqqında bu cür təsəvvürü təsdiqləyirsə, onda o, düşmənə kömək edir.AAY 105.3

    Çox adam tez - tez öz səhvləri, nöqsanları, məyusluqları haqqında düşünür. Onların qəlbləri qəm və qüssə ilə doludur. Mən Avropada olanda, ümidsizlikdən əzab çəkən bir bacı mənə yazaraq ona təsəlli və ruh verməyi xahiş etmişdi. Onun məktubunu aldıqdan sonra, həmin gecə mən yuxuda gördüm ki, bağdayam və onun sahibi hesab etdiyim bir adam məni cığırlarla aparırdı. Mən gülləri dərərək onların ətrindən həzz alarkən, yanımca gələn həmin bacı mənim diqqətimi onun getməyinə mane olan tikanlara yönəldirdi. O şikayət və narazılıq edirdi. O, bələdçinin arxasınca cığırla yox, tikanlıqlar arası ilə gedirdi. O deyirdi: “Çox təəssüf ki, bu gözəl bağı tikanlıqlar eybəcərləşdirib”. Onda, bələdçi ona dedi: “Buraxın bu tikanları, siz onlardan ancaq yaralanarsınız. Qızıl gül, zanbaq və qərənfil dərin”.AAY 106.1

    Məgər sizin həyatınızda işıq dolu sevincli anlar olmamışdırmı? Sizin qəlbiniz Allah Ruhunun təsiri altında sevinclə döyünməmişdirmi? Siz geriyə nəzər salaraq və yaşanmışları xatırlayaraq, doğrudanmı heç bir xoş şey tapa bilmirsiniz? Məgər Allahın əhdləri sizin yolunuz boyunca ətirli güllər kimi bitmirmi? Siz doğrudanmı istəmirsiniz ki, onların gözəlliyi və rayihəsi sizin qəlbinizi sevinclə doldursun?AAY 106.2

    Tikanlar sizə ancaq yara və ağrı verəcəklər. Əgər siz onları qopararaq başqalarına təklif edirsinizsə, onda nəinki siz özünüz Allahın mərhəmətinə əhəmiyyət vermirsiniz, hətta başqalarına da həyat cığırı ilə getməyə mane olursunuz.AAY 106.3

    Keçmişin xoşagəlməz xatirələrini, günahlarımızı, məyusluqlarımızı yadda saxlamaq, hər vaxt onlar haqqında danışmamaq, qəlbimizi qüssə tam alana kimi onlara ağlamaq ağıllı iş deyildir. Ümidsizlik içərisində olan insan zülmətə qərq olmuşdur, o, Allah nurunun onun qəlbinə daxil olmasına mane olur və başqalarının da yoluna kölgə salır.AAY 107.1

    Allahın bizə bəxş etdiyi işıqlı dəqiqələr üçün Ona təşəkkür və şükür edin. Gəlin Onun məhəbbətinin sübutlarının hamısını yaddaşımızda vahid halda bir-birinə bağlayaq ki, həmişə onlara baxaq. Gəlin Öz Atasının taxtını tərk edən və insanı şeytanın qüvvəsindən xilas etmək üçün Öz ilahiliyini insan təbiətində gizlənən Allah Oğlu haqqında düşünək. Gəlin Onun bizim üçün çaldığı və insanların şanlı Allah Padşahlığını imanla görmək imkanına malik olmaları üçün, göyləri açan qələbəsi haqqında düşünək. Gəlin günahın saldığı olüm uçurumundan xilas olunan və yenidən Əbədi Allahla ahəngdarlığa gətirilən günaha batmış bəşəriyyəti yada salaq. Yada salaq ki, Bağışlayana iman vasitəsi ilə İlahi sınaqlardan çıxanların hamısı Məsihin salehliyinə qərq olunurlar və Onun taxt-tacına heyran qalırlar: Allah bizi məhz bu həqiqətlər üzərində düşünməyə dəvət edir.AAY 107.2

    Allahın məhəbbətinə şübhə edəndə və Onun vədlərinə etibar etməyəndə, biz Ona şərəfsizlik edirik və Müqəddəs Ruhu kədərləndiririk. Əgər uşaqları bütün gücü ilə onların qayğısına qalan və onların xoşbəxtliyi üçün yaşayan ananın onlara xeyir arzulamadığı haqqında həmişə şikayət etsəydilər, ana özünü nücə hiss edərdi? Əgər övladlar onun məhəbbətinə şübhə etsəydilər, bu onun qəlbini yaralayardı. Əgər övladları ona belə yaşansaydı, istənilən bir insan özünü necə hiss edərdi? Bizim əbədi həyat ala bilməmiz üçün Öz yeganə Oğlunu ölümə verən Allahın məhəbbətinə biz etibar etməyəndə, Səmavi Atamız bizim haqqımızda nə düşünə bilər? Həvari yazır: “O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?” (Romalılar 8:32). Buna baxmayaraq yenə də çoxları, sözlə olmasa da, işləri ilə deyirlər: “Rəbb bunu mənim üçün nəzərdə tutmamışdır. Yəqin, O başqalarını sevir, amma məni yox”.AAY 107.3

    Bütün bunlar bizim qəlbimizin yalnız ziyanınadır, çünki hər bir şübhə sözü bizi şeytanın tamahlandırmalarına uğradır və bizim az imanlılığa meyilliliyimizi möhkəmlədir, mələkləri kədərləndirir və onlar bizdən uzaqlaşmağa məcbur olurlar. Şeytan sizi yoldan çıxardanda, heç bir şübhə və narazılıq sözləri söyləməyin. Əgər siz onun pıçıltılarına qulaq assanız, onda sizin ağlınız etibarsızlıq və qəzəblə dolacaqdır. Bunlar haqqında başqalarına danışarkən, siz nəinki yalnız özünüzə ziyan vurursunuz, hətta ətrafınızdakı insanların şuuruna elə bir toxum səpirsiniz ki, bunlar cücərərək onların həyatında acı bəhrə gətirir. Sizin sözlərinizin təsiri onlar üçün düzəlməz və məhvedici ola bilər. Ola bilsin ki, siz şirnikləndirmələrdən və şeytanın toplarından qurtararsınız, lakin sizin təsiriniz nəticədə tərəddud edən başqaları sizin səpdiyiniz şübhələrdən yaxa qurtarmaya da bilərlər. Bunun üçün də yalnız ruhi qüvvə və həyat verən şeylərdən danışmaq çox vacibdir!AAY 108.1

    Mələklər sizin öz Səmavi Müəlliminiz haqqında dünyaya yaydığınız şahidliklərinizi diqqətlə dinləyirlər. Gəlin bizə görə Ata önündə xahiş etmək üçün Daim Yaşayan haqqında daha çox danışaq. Siz dostunuzu salamlayanda, qoy sizin qəlbiniz və dodaqlarınız Allaha alqışla dolu olsun. Bu onun düşüncələrini İsaya cəlb edəcəkdir.AAY 109.1

    Bütün insanlar danışması ağır olan kədərlər və sınaqlarla, qarşı durulması çətin olan tamahlandırmalarla rastlaşırlar. Öz kədərlərinizi fanı insanlara aparmayın, onları dua edəndə Allaha söyləyin. Heç bir zaman heç bir şübhə və narazılıq sözü söyləməyi özünüz üçün bir qayda edin. Sizin ümid və təqdir etmə sözləriniz başqalarını ziyalandıraraq və onların quvvələrini möhkəmləndirərək çox işlər görə bilərlər.AAY 109.2

    Bir çox gücsüz canlar tamah altında əzilirlər. Onlar öz “mən” i və şər qüvvələri ilə mübarizədə təslim olmağa, demək olar ki, hazır olurlar. Belələrini onların ağır mübarizələrində inamdan məhrum etməyin. Onları ruhlandırıcı ümid sözləri ilə dəstəkləyin. Belə olanda Məsih işığı sizin həyatınızı nurlandıracaqdır. “Bizlərdən heç kim özü üçün yaşamır” (Romalılar 14:7). Bizim özümüzün də xəbərimiz olmadan, bizim təsirimiz başqalarını ruhlandıraraq möhkəmləndirə bilər, yaxud, əksinə, onlarda narazılıq doğuraraq, onları Məsihdən və həqiqətdən uzaqlaşdıra bilər.AAY 109.3

    Çox insanlar Məsihin xasiyyəti və həyatı haqqında düzgün olmayan təsəvvürə malikdirlər. Onlar elə fikirləşirlər ki, Məsih istiqanlılıqdan və həyat sevincindən məhrum olunmuşdur, sərt, ciddi və qəmgin olmuşdur. Və buna görə də bəzilərinin məsihçi həyatı çox vaxt qaranlıq boyalarla örtülür.AAY 109.4

    Tez-tez deyirlər ki, İsa ağlayırdı və məlum deyildi ki, O nə vaxtsa gülümsəyirdi. Bizim Xilaskarımız, həqiqətən, ağrıları dadan kədərlər Əri olmuşdur. O Öz qəlbini bütün insani kədərlər üçün açmışdı. Lakin Onun həyatı fədakarlıqlarla dolu, kədər və qayğılarla yüklənmiş olsa da, Onun ruhu əzilməmişdi. Onun özü kədər və narazılıq ifadə etmirdi, lakin həmişə daxili sakitliyə dəlalət edirdi. İsanın qəlbi həyat çeşməsi idi, və O hara getsə idi, həmişə Özü ilə rahatlıq və sülh sevinc və xoşbəxtlik gətirirdi.AAY 110.1

    Xilaskar həmişə ciddi və məqsədə doğru gedən olmuşdur, lakin O heç vaxt tutqun və qaraqabaq olmamışdır. Onun davamçılarının həyatı məqsədyönlu və şəxsi məsuliyyətlərini dərindən dərk etməklə dolu olacaqdır. Yüngülxasiyyətlik itəcəkdir, çılğın şənliklər və kobud zarafatlar olmayacaqdır. İsa Məsih dini sakit, geniş çaya bənzəyən sülh gətirir. O, sevinc işığını söndürmür, şən əhval ruhiyyəni əzmir və gülümsər, xoşbəxt üzə kölgə salmır. Məsih ona görə gəlməmişdir ki, Ona xidmət etsinlər, ona görə gəlmişdir ki, başqalarına xidmət etsin; və əgər bizim qəlbimizdə əsl məhəbbət hökmdardırsa, biz də Onun kimi, Onun nümunəsi əsasında hərəkət edəcəyik.AAY 110.2

    Əgər biz daim başqalarının bəd və ədalətsiz hərəkətləri haqqında düşünsək, onda Məsih bizi sevdiyi kimi, biz onları sevə bilməyəcəyik. Lakin bizim düşüncələrimiz Məsihin bizə olan möcüzəli məhəbbətinə və halımıza rəhm etməsinə yönəlsə, biz də həmin ruhu yaxınlarımıza göstərə bilərik. Gördüklərimiz səhvlərdən və nöqsanlardan asılı olmayaraq, biz bir - birimizi sevməliyik və bir - birimizə hörmət etməliyik. Özümüzdə itaəti və təvazökarlığı inkişaf etdirmək, başqalarının səhvlərinə qarşı səbirli və güzəştli olmağı tərbiyə etmək vacibdir. Bu bizdəki xırdacı xudbinliyi məhv edəcək və bizi geniş qəlbli, xeyirxah edəcəkdir.AAY 110.3

    Zəbur oxuyan demişdir: “Rəbbə güvən, yaxşılıq et, bu diyarda arxayın ömür sür.” (Zəbur 37:3). “Allaha təvəkkül et!” Hər bir yeni gün öz əziyyətini, qayğılarını və çətinliklərini gətirir. Bir yerdə görüşərkən, biz hər şeydən çox az çətinliklərimiz və sınaqlarımız haqqında danışırıq. Biz nə qədər gərəksiz həyəcanlar keçiririk! Bizim həyatımıza nə qədər qorxu və narahatlıqlar hücum çəkir! Və onlar bizi o qədər sıxışdırır ki, biz rəhmdil Xilaskarı tamamilə nəzərdən qaçırırıq. Bizi əhatə edən insanlar isə fikirləşə bilərlər ki, bizim xahişlərimizi eşitməyə və bizim üçün çətin vaxtda kömək göndərməyə hazır olan, sevərək hamımıza acıyan Xilaskarımız yoxdur.AAY 111.1

    Bəzi adamlar daim qorxu və boş həyəcanlar içərisində yaşayırlar. Halbuki, onlar hər gün Allahın məhəbbətini sübut edən aydın dəlillərlə əhatə olunurlar. Onun Bəsirətinin bol bəhrələrindən faydalanırlar, lakin Onun xeyir-duasını görmürlər. Onların fikirləri daim müxtəlif xoşagəlməzliklərə yönəlmişdir, onlar fikirləşirlər ki, bunlar onların gələcək həyatına təhlükə törədir. Yaxud onlar hər hansı cüzi çətinliklər haqqında o qədər fikirləşirlər ki, Allaha şükür etməli olduqları bu qədər nemətləri daha görə bilmirlər. Onların rastlaşdığı çətinliklər onları yeganə kömək mənbəyi olan Allaha yaxınlaşdırmır, əksinə, narahatlıq və narazılıq doğuraraq Ondan uzaqlaşdırır.AAY 111.2

    Biz belə imansızlıq göstərə bilərikmi? Biz nə üçün bu qədər naşükür və bu qədər inamsızıq? Axı bizim ən yaxşı Dostumuz — İsa və bütün Səma bizim müvəffəqiyyət qazanmağımızda maraqlıdır! Qoymayaq ki, illuziya və gündəlik həyat həyəcanları bizim ağlımızı qarışdırsın və qəlbimizi narahat etsin! Əks halda bunlar bizdə həmişə narahatçılığa səbəb olacaqdır. Biz qayğılara o dərəcədə qapılmamalıyıq ki, onlar sınaqdan çıxmağımıza mane olsunlar.AAY 111.3

    Ola bilsin ki, siz məişət işlərinizdə uğursuzluğa düçar olursunuz və sizi itkilət hədələyir, gələcək isə sizə qaranlıq və imkansız görünür; ruhdan düşməyin! Bütün qayğılarınızı Allaha həvalə edin və rahat, gümrah qalın! Allahdan müdriklik istəyin ki, öz işlərinizi düzgün idarə edəsiniz və itkilərdən, bədbəxtliklərdən qaçasınız! Uğur qazanmaq üçün sizdən asılı olan hər şeyi edin. İsa Öz köməyini vəd etmişdir, lakin biz də öz tərəfimizdən səy göstərməliyik. Və əgər siz öz hər şeydən güclü Köməkçinizə etibar edərək, bacardığınız hər şeyi etmişsinizsə, onda gələcəyə cəsarətlə baxın!AAY 112.1

    Allahın iradəsi ondan ibarət deyildir ki, Onun xalqı qayğılarla yüklənsin. Lakin Rəbbimiz bizi aldatmır. O bizə demir ki, “Qorxma; sənin yolunda təhlükə yoxdur”. O bilir ki, təhlükələr, sınaqlar vardır və bu barədə bizə açıq deyir. Allah Öz xalqını günah və şər dünyasından götürmür, lakin bizə təhlükəsiz sığınacaq göstərir. İsa Öz şagirdləri üçün dua edirdi: “Onları dünyadan götürməyi deyil, şər olandan qorumağı Səndən xahiş edirəm”. “Məndə sülhünüz olsun deyə bunları sizə söylədim. Dünyada əziyyətiniz var, amma cəsarətli olun! Mən dünyaya qalib gəldim” (Yəhya 17:15; 16:33).AAY 112.2

    Məsih dağdakı moizəsində Öz şagirdlərinə Allaha etibar etməyin vacibliliyini öyrədirdi. Bu tövsiyələr bütün dövrlərdə Allah övladlarını ruhlandırmaq üçün nəzərdə tutulmuşdur. Onlar bu gün də bizim üçün örnək və təsəllidirlər. İsa Öz davamçılarına demişdir: “Göydə uçan quşlara baxın: onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi?”. Xilaskar sonra soruşur: “Siz onlardan daha dəyərli deyilsinizmi?” (Matta 6:26). Böyük Allah insanların və heyvanların qayğısına qalır, Öz yaratdıqlarının ehtiyaclarını təmin edir. Səma quşları Onun diqqətindən kənarda qalmamışlar. O, qidanı birbaşa onların dimdiyinə qoymur, lakin onlarım mövcud olmaları üçün bütün vacib olan şeyləri qabaqcadan nəzərə almışdır. Quşlar Allahın onlar üçün səpdiyi dənləri yığıb yeməlidirlər. Onlar öz kiçik yuvaları üçün tikinti materialları hazırlamalıdırlar və öz balalarını yedizdirməlidirlər. Onlar öz işlərini şən nəğmələrlə yerinə yetirirlər, çünki “Səmavi Atamız onları yedizdirir”. Bəs “siz onlardan daha dəyərli deyilsinizmi?” Düşünməyə və şüurla səcdə etməyə qadir olan siz quşlardan daha qiymətli deyilsinizmi? Əgər biz Allaha etibar ediriksə, bizi Özünə bənzər Yaradan və Qoruyan möhtac olduğumuz şeyləri bizə göndərməyəcəkmi?AAY 112.3

    Məsih Öz şagirdlərinin diqqətini Səmavi Atanın insana məhəbbətinə işarə olaraq yaratdığı gözəl güllərə yönəldərək demişdi: “Tarla zanbağlarının necə böyüdüklərinə baxın”. Canlı güllərin adi gözəlliyi Süleymanın geyimindən çox -çox gözəldir. İnsan tərəfindən yaradılmış ən gözqamaşdırıcı geyim Allahın yaratdığı güllərin parlaq təbii gözəlliyi ilə müqayisə edilə bilməz. İsa soruşur: “Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl zanbaqları necə böyüyür: onlar nə zəhmət çəkir, nə də ip əyirir. Ey imanı az olanlar, bu gün olub sabah ocağa atılan çöl otunu Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi?” (Matta 6:28,30). Bircə gün ərzində solan gülləri bəzəyən Allahın, Səmavi Rəssamın boyaları necə də zərif və rəngarəngdir! Görün onda O Öz sürətinə bənzər yaratdıqlarına nə qədər çox qayğı göstərir! Məsihin sözləri az imanlı qəlblərin narahatlığını və şübhələrini məzəmmət edir.AAY 113.1

    Rəbb Öz oğul və qızlarını xoşbəxt və itaətkar görmək istəyir. İsa deyir: “Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın”. “Bu sözləri sizə söylədim ki, sevincim sizdə olsun və sevinciniz kamil olsun” (Үдһуа 14:27; 15:11).AAY 114.1

    Borcunu yerinə yetirməkdən imtina edərək, tamahkar məqsədlər üçün can atılan xoşbəxtlik daimi və möhkəm ola bilməz. O tez keçir, onu axtaran insan isə tənhalıq və kədər içərisində qalır. Allaha xidmət sevinc və məmnunluq gətirir. Məsihçi qeyri - müəyyənlikdə yaşamır. O, lazımsız kədər və məyusluqlara düçar olmur. Hətta əgər biz bu həyatda həzz almırıqsa da, gələcək həyatı gözləməklə sevinc tapırıq.AAY 114.2

    Artıq burada, yerdə, məsihçi Məsihlə ünsiyyətdən sevinc duya bilər, Onun məhəbbətinin işığından həzz ala bilər, Onun hüzurundan həmişə təsəlli tapa bilər. Həyatımızın hər bir addımı ilə biz İsaya yaxınlaşa bilərik, Onun məhəbbətini dərk etmək üçün daha dərin təcrübə əldə edə bilərik və sülh diyarı olan şanlı Ata Yurduna yaxınlaşa bilərik. Buna görə də ümid bəsləməkdən əl çəkməyək, həmişəkindən də möhkəmlə inamla dolaq. “Rəbb bizə buraya qədər kömək etdi” və axıra kimi də kömək edəcəkdir (1 Şamuel 7:12). Gəlin geriyə, keçmişə, rəqibin əlindən qurtarmaq üçün Allahın köməyini aydın gördüyümüz dövrələrə nəzər salaq. Gəlin bizə göstərilən bütün qayğı və mərhəmətləri: Onun qurutduğu göz yaşlarını, Onun sakitləşdirdiyi ağrıları, Onun yox etdiyi narahatlıq və həyəcanları, Onun təmin etdiyi ehtiyacları, Onun bizi qərq etdiyi xeyir-duaları yada salaq. Bu qayda ilə biz iztirab yolumuzun qalan hissəsini keçmək üçün qüvvəmizi möhkəmlədəcəyik.AAY 114.3

    Bizi gələcək mübarizədə gözləyən çətinliklər haqqında biz düşünməyə bilmirik. Lakin keçmişə boylanaraq və gələcəyə nəzər salaraq, biz deyə bilərik: “Rəbb bizə buraya qədər kömək etdi”. “Darvazalarının cəftələri dəmirdən, tuncdan olsun, qüvvətin ömrün boyu qurtarmasın! (Qanunun Təkrarı 33:25). Rəbb bizə gücümüz çatacağından artıq sınaqlar göndərməyəcəkdir. Buna görə də gəlin, sınaqların necə olacağından asılı olmayaraq, onlardan çıxmaq üçün bizə güc veriləcəyinə inanaraq, hərəmiz öz yerimizdə çalışaq.AAY 115.1

    Tezliklə Allah övladları üçün səma qapıları açılacaqdır və onlar Padşahın dodaqlarından, ən gözəl alqış musiqisi kimi, xeyir-dua sözlərini eşidəcəklər: “Ey sizlər, Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın” (Matta 25:34).AAY 115.2

    O zaman, bağışlananlar İsanın onlar üçün hazırladığı əhd olunmuş yerlərə sevinclə qəbul ediləcəklər. Onların yeni həmvətənləri onları bu günahdan yerdə əhatə edənlərdən fərqlənəcəklər. Orada qüsur, şərəfsizlik, yalan, bütlərə xidmət olmayacaqdır. Xilas olunanlar o şəxslərlə ünsiyyətdə olacaqlar ki, onlar iblisə qalib gəlmişlər və İlahi lütfün gücü ilə xasiyyət kamilliyinə çatmışlar. İndi onlara iztirab verən hər bir günahkar meyl, bütün qeyri -kamilliklər Məsihin qanı ilə onlardan uzaqlaşdırılacaqdır. Onlara günəş parlaqlığından da güclü olan nur bəxş ediləcəkdir. Məsihin mənəvi gözəlliyi və xasiyyət kamilliyi onlarda parlayaraq, zahiri əzəməti kölgədə qoyacaqdır. Mələklərin əzəmətini və üstünlüklərini bölüşdürərək, günahsız varlıqlar kimi onlar da böyük Allah taxtı önündə duracaqlar.AAY 115.3

    Onu gözləyən mirasa nəzər salaraq, “insan öz canı əvəzinə nə verə bilər?” (Matta 16:26). O, yoxsul ola bilər, lakin dünyanın ona bəxş edə biləcəyi mənəvi sərvətə və ləyaqətə malik ola bilər. Bağışlanaraq və günahdan təmizlənərək, özünüz bütün xeyirxah qüvvələrini Allaha xidmətə həsr edən can göylərin nəzərində qiymətsizdir. Və Allahın, müqəddəs mələklərin hüzurunda bütün səma bağışlanan hər bir can üçün elə bir sevinclə sevinir ki, bu sevinc əzəmətli qələbənin müqəddəs nəğmələrində canlanır.AAY 116.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents