Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Həyat Dərsləri - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    “Mənim qonşum kimdir?”

    (Lk. 10:25-37)

    “Mənim qonşum kimdir?” sualı ibranilər arasında tükənməz mübahisələrə səbəb olurdu. Bütpərəstlərə və samariyalılara qarşı münasibətdə onların şübhəsi yoxidi. Onlar yad və düşmən idilər. Lakin qonşu və yad arasındakı xətti öz xalqının və cəmiyyətin müxtəlif sinifləri arasında necə çəkmək olar? Kahinlər, ravvinlər və ağsaqqallar kimi öz qonşuları hesab etməlidirlər? Onların həyatı bir çox mərasimlərin icrasından ibarət idi, bunun sayəsində özlərini paklaşdırmaq istəyirdilər. “Müqəddəs ayinlərə etinasız olan cahil kütlə ilə görüş və ünsiyyət, — onlar öyrədirdilər, — sizi murdar edəcəkdir və ondan təmizlənmək üçün yorucu ayinləri təkrarlamaq lazım gələcəkdir”. Onlar “murdarları” öz qonşuları hesab etməlidirlərmi?HD 298.1

    Bu suala Məsih mərhəmətli samariyalı haqqındakı məsəl ilə cavab verir. O göstərir ki, biz yalnız öz imanlılar cəmiyyətimizi, yaxud da bizim etiqadımıza riayət edənləri öz qonşumuz hesab etməməliyik. Qonşu anlayışı heç cür irqi və sinfi mənsubiyyətə bağlı deyildir. Bizim qonşumuz — bizim köməyimizə ehtiyacı olan hər bir insandır. Bizim qonşumuz — düşmən tərəfindən döyülmüş və yaralanmış hər bir insandır. Bizim qonşumuz — hər bir adamdır, çünki o, Allahın mülkiyyətidir.HD 298.2

    Mərhəmətli samariyalı haqqında məsəl bir qanunşünasın Məsihə verdiyi sualına cavab olaraq söylənmişdir. Məsih öz şagirdləri ilə söhbət etdiyi zaman “bir qanunşünas qalxdı və Onu sınayaraq dedi: “Müəllim! Əbədi həyatı miras almaq üçün mən nə etməliyəm?” Fəriseylər bu sualı Məsihi sözlərində tutmaq üçün təklif etdilər və səbirsizliklə Onun cavabını gözləyirdilər. Lakin Xilaskar mübahisə etmədi. Onun Özü cavab olaraq sual verdi. “Qanunda nə yazılıb? — O dedi. — Necə oxuyursan?” İbranilər hələ də İsanı onlara Sina dağında verilmiş qanuna etinasızlıqda təqsirləndirirdilər, lakin O, xilas haqqında sualı Allahın əmrlərinə riayət haqqında suala çevirdi.HD 298.3

    Qanunşünas cavab verdi: “Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla, bütün qüvvətinlə və bütün düşüncənlə sev və qonşunu özün kimi sev”. “Doğru cavab verdin, Məsih dedi, — buna əməl et, yaşayacaqsan”.HD 299.1

    Fəriseylərin tutduqları mövqe və işləri qanunşünası razı salmırdı. O, Yazıları səylə öyrənərək, onun həqiqi mənasını dərk etməyə çalışırdı. Onun tam səmimiyyətlə verdiyi suala həqiqi, canlı marağı var idi: “Mən nə etməliyəm?” Qanunun tələblərinə dair öz cavabında o, mərasim və ayin xarakterli bütün tələbləri sadalamır. O onlara böyük əhəmiyyət vermir və yalnız iki böyük təməl haqqında danışır ki, bütün qanun və peyğəmbərlər onların üzərində dayanmışdır. Qanunşünasın bu cavabını Məsihin bəyənməsi Onu kahinlər üçün əlçatmaz edir. Onlar Onu qanunşünasın dediyini təsdiq etdiyinə görə ittiham edə bilməzdilər.HD 299.2

    “Buna əməl et, yaşayacaqsan”, — dedi Məsih. Öz təlimində O həmişə qanunu bütöv İlahi birlik kimi təsvir edir və göstərirdi ki, onun bir prinsipinə riayət edib, başqasını pozmaq olmaz; çünki bütün əmrlər ümumi bir təmələ söykəniblər. İnsanın taleyi onun bütün qanuna necə riayət etməsi ilə müəyyən ediləcək.HD 299.3

    Məsih bilirdi ki, heç kim yalnız öz gücünə arxalanaraq qanuna əməl edə bilməz. O, qanunşünası bu məsələnin daha aydın və tənqidi tədqiqinə cəlb edirdi ki, həqiqəti öyrənsin. Yalnız Məsihin xidmətini və lütfünü qəbul edərək biz qanuna riayət edə bilərik. Günahın bağışladılmasına iman etmək nsana bütün ürəyi ilə Allahı sevməyə və qonşusunu özü qədər sevməyə imkan verir.HD 299.4

    Qanunşünas bilirdi ki, o nə ilk dörd, nə də axırıncı altı əmrə riayət edirdi. Məsihin sınayıcı sözlərində o, mühakimə gördü, lakin öz günahını etiraf etmək əvəzinə, özünə bəraət qazandırmağa çalışdı. Həqiqəti qəbul etmək əvəzinə, göstərmək istəyir ki, bu əmri icra etmək nə qədər çətin bir işdir. Beləliklə, o, ittihamı öz üzərindən götürməyə və xalqın gözündə özünə bəraət qazandırmağa çalışır. Xilaskarın sözləri göstərdi ki, onun sualı əsassızdır, çünki özü ona cavab verə bilər. Lakin buna baxmayaraq, o, başqa sual verir: “Mənim qonşum kimdir?”HD 300.1

    Yenə də Məsih mübahisədən qaçaraq, Özünü ona cəlb etməyə qoymur. O, suala hələ də onların xatirindən silinməmiş hadisəyə istinad edərək cavab verir. “Bir nəfər, — O deyir, — Yerusəlimdən Yerihoya gedərkən quldurların əlinə keçdi. Quldurlar onun paltarını çıxartdılar, özünü yaraladılar və yarımcan halda qoyub, getdilər”.HD 300.2

    Yerusəlimdən Yerihoya gedərkən, səyahətçi Yəhudeyanın bir hissəsini səhra ilə keçməli idi. Yol vəhşi, qayalıq bir vadidən keçirdi, orada yoldan keçənlərə soyğunçuluq məqsədi ilə hücum edən quldurlar gizlənirdilər. Məhz burada səyahətçi hücuma məruz qaldı, nəyi vardısa itirdi və yarımcan halda yol kənarına atıldı. Təsadüfən bir kahin həmin yol ilə gedirdi; o, qan içində olan, döyülmüş və yaralanmış bir insan gördü, lakin ona heç bir yardım etməyərək keçib getdi. Ondan sonra levili gəldi. Nə baş vermişdir deyə maraqlanaraq, dayanıb yaralıya baxdı. Başa düşdü ki, yaralıya kömək etməlidir, lakin bu xoşagəlməz vəzifəni öz üzərinə götürmək istəmədi. Təəssüfləndi ki, bu yol ilə getdi və yaralını gördü. Özünü inandırdı ki, bu ona aid deyildir və əvvəlki kimi keçib getdi.HD 300.3

    Fəqət bir samariyalı o yoldan keçərkən yaralıya rast gəldi və ondan əvvəlkilərin etməli olduqları, lakin etmədiklərini elədi. Xeyirxahlıq və həlimliklə o yaralı insana yardım elədi. “Onu gördükdə yazığı gəldi, yaxınlaşıb onun yaralarına zeytun yağı və şərab tökərək sarıdı; onu öz eşşəyinə mindirib bir mehmanxanaya gətirdi və onun qayğısına qaldı. Ertəsi gün isə oranı tərk edərkən iki dinar çıxarıb mehmanxana sahibinə verdi və dedi: “Onun qayğısına qal və əgər artıq xərcin çıxarsa, geri qayıdanda mən sənə ödəyərəm”. Kahin və levili açıq surətdə öz möminliklərini bəyan edirdilər, lakin həqiqətən imanlı olduğunu samariyalı nümayiş etdirdi. Öz ruhu və əməlləri ilə o təsdiq etdi ki, Allah ilə harmoniyadadır.HD 300.4

    Dinləyicilərə bu dərsi təqdim edərək, Məsih onlara qanunun prinsiplərini çox aydın və inandırıcı tərzdə nümayiş etdirir. O Öz xidmətçilərinə göstərir ki, onlar bu prinsiplərin icrasına etinasızlıq etdilər. Onun sözləri o qədər aydın və dəqiq idi ki, Onu dinləyənlər cavab verməyə söz tapmadılar. Qanunşünas bu nəsihətdə təkzib ediləsi heç nə tapmadı. Onda Məsihə qarşı mənfi rəy qalmadı. Lakin yenə də o, samariyalılara qarşı olan milli barışmazlığı o dərəcədə ləğv edə bilmədi ki, məsəldə mərhəmət göstərənin həqiqi adını deyə bilsin. Məsih soruşanda ki: “Səncə, bu üç nəfərdən hansı quldurlar əlinə düşən adamın qonşusu oldu?” qanunşünas onun adını çəkməyərək, cavab verdi: “Ona mərhəmət göstərən adam”.HD 301.1

    “İsa da ona dedi: Get, sən də elə hərəkət et”. Ehtiyac içində olanlaга sən də belə şəfqətli xeyrixahlıq göstər. Bununla sən göstərəcəksən ki, bütün qanuna riayət edirsən.HD 301.2

    İbranilərlə samariyalıları bir-birindən onların iman məsələlərinə müxtəlif münasibətləri və ilk növbədə Allaha həqiqi sitayişin nədən ibarət olması məsələsi fərqləndirirdi. Fəriseylər heç zaman samariyalılar haqqında yaxşı danışmırdılar, ancaq onları lənətləyirdirlər. İbranilərlə samariyalılar arasındakı qarşılıqlı düşmənçilik o qədər güclü idi ki, samariyalı qadına Məsihin ondan su istəməsi qəribə göründü. “Sən yəhudi, mən də samariyalı bir qadın, necə olur ki, məndən su istəyirsən?” “Zira, — müjdəçi izah edir, — yəhudilərin samariyalılarla əlaqəsi yoxdur” (Yəh. 4:9). İbranilər Məsihə qarşı barışmaz nifrətə düçar olub Onu məbəddə daşa tutmaq istəyən zaman isə daha ağır söz tapmayaraq nida etdilər: “Sən smariyalısan və Səndə cin var, dediyimiz doğru deyilmi?” (Yəh. 8:48). Buna baxmayaraq, kahin və levili Rəbbin onların üzərinə qoyduğu vəzifəyə etinasızlıq göstərərək, nifrət etdikləri samariyalıya öz həmvətənlərinə yardım etmək imkanı verdilər.HD 301.3

    Samariyalı “qonşunu özün kimi sev əmrini icra edərək göstərdi ki, ona nifrət edənlərdən daha çox salehdir. Öz şəxsi həyatını təhlükə altında qoyub (axı hadisə təhlükəli vadinin yaxınlığında baş verirdi), o, insanın yaralarını sarıyaraq, ona öz qardaşı kimi kömək etdi. Məsəldəkı bu samariyalı Məsihi təsvir edir. Bizim Xilaskarımız bizə heç bir insanın sevgisi ilə müqayisə edilə bilməyən məhəbbət bəsləyir. Məhv olduğumuz zaman, O bizə mərhəmət etdi. O yan keçmədi, bizi ümidsiz və köməksiz bir halda ölməyə qoymadı. Bütün səma sakinləri tərəfindən sevildiyi yerdə, Özünün müqəddəs, bəxtiyar iqamətgahında qalmadı. O bizim fəlakətlərimizi gördü, bizim vəziyyətimizə girdi və bəşəriyyətin maraqlarını Özününkü etdi. O Öz düşmənlərinin xilası naminə öldü. O Öz qatilləri üçün dua etdi. Öz şəxsi nümunəsinə işarə edərək, O, davamçılarına buyurur: “Bir-birinizi sevəsiniz deyə bu şeyləri sizə əmr edirəm”, “Sizi sevdiyim kimi, siz də bir-birinizi sevin” (Yəh. 15:17; 13:34).HD 302.1

    Kahin və levili məbəddə xidmət etmək üçün təyin edilmişdilər. Onların xidməti Allahın Özü tərəfindən müəyyən edilmişdi. Bu xidmətdə iştirak etmək böyük və yüksək etimad idi və həm kahin, həm də levili hesab edirdilər ki, onlar belə bir şərəfə layiq görülmüşdürlərsə, yol kənarındakı naməlum məzluma kömək etmək onlar üçün alçaqlıqdır. Bununla da Allahın onlara qonşularına yaxşılıq etmək üçün təqdim etdiyi imkanı rədd etdilər.HD 302.2

    Bu günə kimi bir çoxları belə səhvlər edirlər. Onlar öz vəzifələrini iki ayrıca sahəyə bölürlər. Vəzifələrinin bir qismi İlahi Qanunla idarə edilən böyük işlərdən ibarətdir; digər vəzifələr isə kiçik işləri əhatə edir və guya “qonşunu özün kimi sev” əmri bura daxil deyildir. Bu fəaliyyət sahəsi şıltaqlıqdan, əşyanın cazibəsindən, yaxud da ani bir istəkdən asılıdır. Bu, xasiyyətin korlanmasına və Məsihin həqiqi dini haqqında yanlış təsəvvürə gətirib çıxardır.HD 302.3

    Bəziləri hesab edirlər ki, məzlum insanlığa xidmət etmək onların ləyaqətini alçaldır. Çoxları öz can məbədlərini xarabalıqlara çevirmiş zavallılara laqeyd və etinasızdırlar. Digərləri isə yoxsullara başqa səbəblərə görə etinasızdırlar. Onlar güman edirlər ki, Məsihin işi üçün çalışaraq, layiqli bir təşəbbüs göstərmək istəyirlər. Hesab edirlər ki, böyük bir iş görürlər və ondan yayınaraq ehtiyacı olanların və ümidsizlərin hansısa bir şəxsi tələbatı üzərində dayanıb, onlara kömək edə bilməzlər. Özlərinin güman etdikləri böyük işlərində onlar yoxsulları hətta sıxışdıra da bilərlər. Yoxsulları ağır vəziyyətə salmaq, onların hüquqlarını pozmaq və ehtiyaclarına etinasız olmaq kimi halları təbii sayırlar. Onlara elə gəlir ki, bunların hamısına bəraət vermək olar, çünki onların fikrincə, Məsihin işinə yardım edirlər.HD 303.1

    Çoxları laqeydliklə öz qonşularını ağır şəraitdə buraxırlar. Özlərini məsihçi hesab edərək, onlar, çox güman, elə bilirlər ki, öz soyuqluqları ilə Məsihi nümayiş etdirirlər. Madam ki, özlərini Rəbbin qulları hesab edən bu adamlar Onunla həqiqi əməkdaşlıq etmirlər, onların vasitəsilə dünyaya gəlməli olan Allahın məhəbbəti onların qonşularına çatmır. Nəticədə insanların alqış və minnətdarlıqlarının çox qismi Allaha ucaldılmır. Ondan bu cəhətdən oğurlanır ki, Onun müqəddəs adına həqiqətən məxsus olan izzəti almır. Onu Məsihin uğrunda öldüyü canlardan məhrum edirlər, o canlardan ki, O onları Öz Padşahlığına daxil etmək istəyir ki, Onun himayəsində sonsuz əsrlər boyunca yaşasınlar.HD 303.2

    İlahi həqiqət hələ də dünyada kifayət qədər yayılıb və təsdiq edilməyibdir. Fəqət o bizim köməyimizlə bəşəriyyətə olduqca böyük təsir göstərə bilər və göstərməlidir. Çoxları uca səslə dindar olduqlarını bəyan edirlər, lakin bunun böyük əhəmiyyəti olmur. Biz səmimiyyətlə özümüzü Məsihin davamçısı hesab edə bilərik, insanları əmin edə bilərik ki, İlahi Kəlamın hər bir həqiqətinə inanırıq; lakin əgər bütün həyatımızı öz imanımıza tabe etməyəcəyiksə, bunlar bizim qonşumuza xeyir verməyəcəkdir. Bizim etiqadımız səma qədər uca ola bilər, lakin əgər biz həqiqi məsihçi olmasaq, o nə bizi, nə də bizim qardaşlarımızı xilas edəcəkdir. Xeyirxah bir iş dünyaya daha çox xeyir verə bilər, nəinki bizim bütün bəyanatlarımız.HD 303.3

    Məsihə xidməti eqoist fikirlər və hərəkətlərlə bir araya qoymaq olmaz. Axı əgər Onun məqsədi yoxsul və məzlumların xoşbəxtliyidirsə, Onun davamçılarının ürəklərində Məsihə məxsus olan dərin şəfqət hissi daha çox olmalıdır və çox qiymətli sayıb Öz ömrünü onların xilas olmaları üçün verdiyi insanlara qarşı dərin məhəbbət hissi olmalıdır. Bu insanlar Allahın gözündə o qədər qiymətlidirlər ki, öz dəyərlərinə görə bizim Allaha verə biləcəyimiz hər bir sovqatdan üstündürlər. Bütün enerjimizi, ola bilsin ki, həqiqətən böyük bir işə həsr etmək, lakin bununla bərabər ehtiyacı olanlara biganə qalmaq, yaxud qəribi rədd etmək Allahın bəyəndiyi həqiqi xidmət deyildir.HD 304.1

    Qəlbin Müqəddəs Ruhun gücü ilə qüdsləşməsi Məsih təbiətinin insan varlığına nüfuz etməsidir. Xoş Xəbər dini — bizim həyatımızda olan və onun canlı, fəal əsasını təşkil edən Məsihdir. Bu, insanın xasiyyətində və onun xeyirxah əməllərində büruzə verilən Məsihin lütfüdür. Şad xəbər prinsipləri bizim praktiki həyatımızın hər hansı bir sahəsindən qoparıla bilməz. Məsihçinin həyat və fəaliyyətinin hər sahəsi Məsihin xasiyyətini əks etdirməlidir.HD 304.2

    Məhəbbət — möminliyin əsasıdır. İnsan nə söyləsə də, əgər onda öz qonşusuna qarşı təmənnasız məhəbbət yoxdursa, o, Allaha da pak sevgi bəsləmir. Lakin təkcə başqa insanları sevməyə çalışaraq, biz belə sevgi ruhuna heç vaxt nail ola bilməyəcəyik. Bizə lazım olan hər şey ürəyimizdə Məsihin məhəbbətini əldə etməkdir. Bizim “mən”imiz Məsihdə yox olanda məhəbbət öz-özünə törəyir. Məsihçinin xasiyyəti o vaxt kamil olur ki, onda başqalarına kömək etmək arzusu və qonşularına qarşı mərhəmətli olmaq istəyi möhkəm, başlıca və daxili tələbata çevrilir, səmavi işıq ürəyini doldurur və üzündə əks olunur.HD 304.3

    Məsihin bərqərar olduğu ürək sevgiyə yad ola bilməz. Əgər biz həqiqətən Allahı ona görə seviriksə ki, öncə O bizi sevibdir, biz həm də Məsihin uğurlarında öldüyü hər kəsi sevəcəyik. Biz bəşəriyyətlə ünsiyyətə girmədən Allahla ünsiyyətə girə bilmərik; çünki kainatın taxtında oturmuş Olanın Özündə İlahi və bəşəri birləşmişdir. Məsihlə birləşərək, biz öz qonşularımızla da qızıl məhəbbət iplərilə birləşirik. Bu zaman Məsihin şəfqəti və mərhəməti bizim də həyatımızın tutumu olur. Biz daha gözləməyəcəyik ki, ehtiyacı olanlar və zavallılar nə vaxt bizim yanımıza gələcəklər. Başqalarının dərdinə şərik olmaq üçün bizə yalvarmaq lazım olmayacaqdır. Ehtiyacı olan və iztirab çəkənlərə xidmət etmək bizim üçün Məsihin xeyirxahlıq etməsi qədər təbii olacaqdır.HD 305.1

    Biz һәг dəfə özümüzdə sevgi və şəfqətə, başqalarına xeyir-dua və yardım etməyə istək hiss edəndə bilməliyik ki, bu, Allahın Müqəddəs Ruhunun işidir. Hətta bütpərəstlər arasında da elə adamlara təsadüf edilirdi ki, onlar yazılı İlahi Qanun və Məsihin adı haqqında heç bir məlumatları olmadan Onun qullarına qarşı münasibətdə xeyirxahlıq edirdilər, bəzən öz həyatlarını təhlükə altında qoyaraq onları qoruyurdular. Onların hərəkətləri İlahi gücün təsirinə şəhadət edirdi. Müqəddəs Ruh Məsihin lütfünü bütpərəstlərin ürəklərinə salıb, onları şəfqətə vadar etdi, bu isə nə onların təbiətinə, nə də tərbiyələrinə məxsus idi. “Dünyaya gələn, hər insanı nurlandıran həqiqi Nur” (Yəh. 1:9) onun qəlbində parlayır; və əgər bu nur qəbul edilərsə, onun ayaqlarını Allahın Padşahlığına yönəldəcəkdir.HD 305.2

    Səmavi izzət yıxılanın qaldırılmasında və kədərliyə təsəlli verilməsindədir. İnsanın ürəyində bərqərar olaraq Məsih adamlara bu tərzdə açılır. Məsihin dini harada olursa olsun, xeyir-dua gətirəcəkdir. O harada işləyirsə işləsin, orada nur olacaqdır.HD 305.3

    Allah milli, irqi və ictimai fərqlər qoymur. O, bütün bəşəriyyətin Yaradıcısıdır. Həm yaradılış, həm də xilas sayəsində bütün insanlar bir ailə hesab olunurlar. Məsih gəldi ki, insanları bir-birindən ayıran bütün divarları uçursun, məbədin bütün sahəsini açsın ki, hər kəs Allahla ünsiyyət üçün azad olsun. Onun məhəbbəti elə geniş, elə dərin, elə dolğundur ki, hər şeyi doldurur və hər yerdən keçir. O, şeytanın yalanına uymuş zavallı insanları onun caynağından qoparır. Onları Allahın taxtı önünə, göy qurşağı əhdi ilə əhatə olunan taxtın önünə gətirir.HD 306.1

    Məsihdə nə yəhudi, nə yunan, nə qul, nə azad, nə kişi, nə də qadın vardır. “İndi Məsihin qanı səbəbilə yaxın oldunuz’’ (Qal. 3:28; Ef. 2:13).HD 306.2

    Dini etiqadlarda nə qədər fərq olsa da, hər bir əzab çəkən insanın fəryadına cavab verilməlidir. Dini görüşlərdəki təsəvvür fərqlərinə görə yaranmış ziddiyyətli hisslər mövcud olan yerdə insanlara şəxsi xidmətin böyük birləşdirici rolu vardır. Ürəkdən edilən belə xidmət xürafatları dağıdır və Allah üçün insanlar qazanır.HD 306.3

    Biz başqa insanların kədərinə, çətinliyinə və bəlalarına şərik olmalıyıq, Biz yüksəkdəki və aşağıdakıların, varlı və kasıbların sevinc və qayğılarını bölüşdürməliyik. “Müftə aldınız, — Məsih deyir, — müftə veriniz’’ (Mt. 10:8). Bizim əhatəmizdə zavallı, imtahana çəkilən insanlar vardırlar, onların şəfqətli bir sözə və köməyə ehtiyacları var. Diqqət və köməyə ehtiyacları olan dul qadınlar, yetim uşaqlar, o kəslərin ki qayğısını Məsih Öz davamçılarına etibar etmişdir, çox vaxt insanlar onlardan yan keçirlər. Onlar bəzən xoşagəlməz görünə bilərlər; lakin onlar da Allahın mülkiyyətidir. Onlar da çox baha qiymət sayəsində xilas edilmişdirlər və Onun gözündə bizim qədər dəyərlidirlər. Onlar böyük Allah ailəsinin üzvləridirlər və məsihçilər Onun eşikağaları olaraq, onlara görə cavabdehdirlər. “Onun qanını, — O deyir, — səndən soruşacağam”.HD 306.4

    Günah bütün pisliklərin ən ağırıdır, lakin günahkara mərhəmətlə kömək etmək bizim borcumuzdur. Əlbəttə, bütün günahkarlara eyni tərzdə yanaşmaq düzgün deyildir. Onların bir çoxu çoxdan bəri ruhlu aclıq hiss edirlər. Onlar üçün həlim bir söz, yaxud xeyirxah bir xatirə də layiqli dəstək olacaqdır. Digərləri isə daha acınacaqlı vəziyyətdə olub, bütövlüklə günah çirkabına bataraq, artıq öz vəziyyətlərini dərk etmirlər. Bir çoxları artıq o qədər düşmüşdürlər ki, əbədi dəyərlər haqqında hər cür təsəvvürü itiriblər, Allaha bənzərliyi itiriblər və çətinliklə başa düşürlər ki, xilas edilməlidirlər, ya yox. Onların nə Allaha imanları var, nə də inşanlara etibarları. Onlara yalnız təmənnasız xeyirxahlıq büruzə edən hərəkətlə kömək etmək olar. İlk növbədə onların fiziki ehtiyaclarını ödəmək lazımdır. Onları yedirtmək, çimizdirmək və geyindirmək lazımdır. Sizin təmənnasız sevginizin şəhadətlərini gördükləri zaman onlara Məsihin məhəbbətinə iman etmək də asan olacaqdır.HD 306.5

    Çox adamlar, sadəcə olaraq, ölümcül yanılırlar. Onlar özlərinin eyiblərini və təqsirlərini hiss edirlər. Öz səhvlərini və yanıldıqlarını görərək, onlar ümidsizliyə qapılırlar. Bu adamlara güc və cəsarət əldə etməyə yardım etmək lazımdır. Cərəyanın əksinə üzən insan onu geri aparan axının bütün gücünü hiss edir. Ona kömək əlinizi uzadın, necə ki suya batmağa başlayan Peterə Böyük Qardaş Öz əlini uzatdı. Ona ümidverici sözlər deyin ki, imanı dirilsin və sevgisi oyansın.HD 307.1

    Sənin ruhən zəif olan qardaşının sənə ehtiyacı var, necə ki sənin öz qardaşının məhəbbətinə ehtiyacın vardır. Nə vaxtsa onun kimi zəif olanın təcrübəsinə ehtiyacı vardır, o adama ki, onu qaldıra bilər və ona yardım edə bilər. Öz zəifliyimizi dərk etməyimiz bizə başqalarına da buna bənzər ehtiyacda dəstək verməyə kömək edir. Heç zaman əzablı adamın yanından keçərək, özümüzün Allahdan aldığımız yardımla bölüşməmək olmaz.HD 307.2

    Məsihlə birləşməyimiz, diri Xilaskarla şəxsi ünsiyyətimiz şüurumuza, ürəyimizə və qəlbimizə alçaq təbiətimiz üzərində qələbə çalmağa imkan verir. Yorğun yolçuya onu qaldıra biləcək Qadir Əldən danışın, Məsihin sonsuz insanpərvərliyindən danışın, bu onu dəstəkləyəcəkdir. Ona izah edin ki, yalnız qanuna və öz qüvvələrinizə, o təbiət substansiyalarına ki, şəfqət və kömək üçün dəvəti eşitməyə malik deyildirlər, onlara inanmaq azdır. Onun qızğın ələ və şəfqət və mərhəmətlə dolu olan ürəyə etibar etməyə ehtiyacı vardır. Qoy onun şüurunu İlahi iştirak haqqında fikir işıqlandırsın, hansı ki onu tərk etməyib və şəfqətli məhəbbət ilə onu müşayiət edir. Qoy o, günahından kədərlənən Ata ürəyi haqqında düşünsün, hələ də ona uzanmış Ata əlini görsün, hələ də “Mənə pənah gətirsin, Mənimlə barışsın” (Yeş. 27:5) — deyə ona səslənən Ata səsini eşitsin.HD 307.3

    Əgər siz belə səylər göstərsəniz ki, məhv olanı xilas edəsiniz, siz özünüz bu işinizdə insan gözünün görə bilmədiyi köməkçilərin dəstəyini alacaqsınız. Səma mələkləri yaralı yolçuya xidmət edən samariyalının yanında idilər. Səmavi iqamətgahlardan olan mələklər Allahla işləyərək öz qonşularına xidmət edənlərlədirlər. Məsihin Özü də onları dəstəkləyəcəkdir. O, böyük Şəfavericidir və Onun himayəsi altında işləyərək, siz böyük nəticələr əldə edəcəksiniz.HD 308.1

    Bu işin icrasında sizin sədaqətinizdən yalnız başqalarının xoşbəxtliyi deyil, sizin əbədiyyətdəki şəxsi taleyiniz də asılıdır. Məsih Onunla əməkdaşlığa nail olanların hamısını yüksəltməyə çalışır ki, biz Onunla bir olaq, necə ki O da Atası ilə birdir. O bizi iztirab və bədbəxtliklərlə qarşılaşmaqdan ona görə azad eləmir ki, bizi eqoizmin əsarətindən qoparmaq istəyir; bizdə Öz xasiyyətinin xeyirxah keyfiyyətlərini — şəfqət, incəlik və məhəbbət hisslərini inkişaf etdirmək istəyir. Başqalarına xidmət etməyə səy göstərərək özümüzü Onun yeniləşdirici hakimiyyətinə veririk ki, bu da bizi Allahın malikanələrinə layiq edəcəkdir. Qonşularımıza münasibətdə öz borcumuzu icra etməkdən imtina edəndə isə Onun tövsiyəsini rədd etmiş oluruq və özümüz üçün Rəbbdən əbədi ayrılığı seçirik.HD 308.2

    “Əgər yollarımla getsən... — Rəbb bəyan edir, — burada duranların arasında içəri keçmək haqqını sənə verirəm” (Zək. 3:7). Səmavi qüvvələrin yerdəki işlərində onlarla əməkdaşlıq edərək, özümüzü səmada da əməkdaşlığa hazırlayırıq. “Qurtuluşu miras alacaq olanlara yardım etmək üçün göndərilən xidmətçi ruhlar” (İbr.1:14), səmavi mələklər o kəsləri alqışlayacaqdırlar ki, dünyada onlara xidmət etsinlər deyə yox, xidmət etmək üçün yaşayırdılar (Mt. 20:28). Bu xeyirxah əməkdaşlıqda biz “Mənim qonşum kimdir?” sualına hədsiz sevincimizə səbəb olan qəti cavab alacağıq.HD 308.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents