Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Həyat Dərsləri - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Qeyb olmuşdu — tapıldı”

    (Lk. 15:11-32)

    İtmiş qoyun, itirilmiş dirhəm və fərsiz oğul haqqındakı məsəllər açıqca göstərir ki, Allah ondan uzaqlaşanlardan ötrü yanır və onları sevməkdə davam edir. Onlar Allahdan dönsələr də, O onları fəlakətdə qoymur. O, hiyləgər düşmən tərəfindən sınağa çəkilən hamıya qarşı xeyirxahlıq və mərhəmətlə doludur.HD 146.1

    Fərsiz oğul haqqındakı məsəldə Rəbbin nə vaxtsa Ata məhəbbətini duymuş, lakin iblisə öz üzərində qələbə çalmağa icazə verən və onun əsarətinə düşmüş insanlara münasibəti təsvir edilir.HD 146.2

    “Bir nəfərin iki oğlu var idi. Oğlanlardan kiçiyi atasına dedi: ‘Ata! Malikanədən mənə düşən hissəni mənə ver’. Və atası malikanəni onların arasında böldü. Bir neçə gün sonra, kiçik oğlu nəyi vardısa yığıb uzaq bir məmləkətə getdi”.HD 146.3

    Bu kiçik oğulu ata evində hökm sürən intizam qaydaları sıxırdı. O hesab edirdi ki, onun azadlığı məhdudlaşdırılır. O öz atasının məhəbbət və qayğısını dəyərləndirmədi və hər şeydə yalnız öz şəxsi arzularına əməl etməyi qərara aldı.HD 146.4

    Bu gənc adam atasına olan bütün borclarını məhəl qoymadı və ona münasibətdə minnətdarlıq hissini itirdi; buna baxmayaraq, o özünün ata mülkiyyətinə olan hüququnu bəyan edir. Atası öləndən sonra mütləq ona çatacaq mirası, o dərhal almaq istəyir. O, ləzzətlərin həmin saat, həmin gün həsrətində olaraq, tamamilə öz gələcəyinin qayğısına qalmır.HD 146.5

    Öz hissəsini alıb, o öz ata evindən “uzaq bir məmləkətə getdi”. İndi onun pulu çox idi və o, arzuladığı kimi hərəkət edə bilərdi. O xoşbəxtdir ki, onun ürəyinin arzusu yerinə yetdi. Onu heç kim dayandırıb, “bunu etmə, özünü məhv edərsən”, yaxud “belə et, çünki bu doğrudur” demir. Günahkar yoldaşları onu günah uçurumuna sürükləyirlər və o “səfahətlə yaşayaraq, bütün varını puç etdi”.HD 147.1

    Müqəddəs Kitab bizə o adamlardan danışır ki, onlar “özlərini müdrik adlandırdılar, fəqət ağılsız oldular” (Rom. 1:22); bu, sözügedən məsəldə kiçik oğula aiddir. Öz atasından saymamazlıqla tələb etdiyi varı əxlaqsızlıqla sovurdu. Onun gənc həyatının cəvahiri də əxlaqsızlıqla xərcləndi. Gəncliyin dəyərli illəri, şüurun gücü, həyatın başlanğıcına məxsus olan həssas təəssüratlar, cavanlığın ruh coşqunluğu — hər şey ehtiras odunda yandırıldı.HD 147.2

    O ölkədə böyük bir aclıq oldu və o, ehtiyac içində yaşamağa başladı. Nəhayət ölkənin sakinlərindən birinə qoşuldu, o isə onu tarlalarına, donuzları otarmağa göndərdi. İbrani üçün bu, ən alçaq və rüsvayçı işlərdən idi. Hələ bir müddət əvvəl özünün azadlığı ilə fəxr edən gənc indi qul vəziyyətinə düşdü. Onu nə vaxtsa valeh etmiş şan-şöhrət və bərbəzək yox olmuşdu. O özünü ən zalım zirzəmidə aşkar etdi — “günahının kəməndinə dolanmışdı” (Məs. 5:22); gözlərini qamaşdıran parıltı da, daş-qaşlar da qeybə çəkilmişdi və zəncirlərinin bütün ağırlığını dərk edirdi. Bu viran olmuş və aclığa düçar olmuş ölkənin torpağı üstündə oturan və yalnız donuzlarla ünsiyyətdə olmağa məhkum edilmiş bu adam artıq donuzların yediyi keçi buynuzu ilə qarnını doydurmağa şad olardı. Onun firavan günlərində ətrafında toplaşan və onun hesabına yeyib-içən şən dəstədən indi yanında heç kim yox idi. Vaxtı ilə olan özbaşınalıq sevinci indi necə olmuşdu? Əvvəllər vicdanının səsini eşitməyərək, xeyirxahlığa olan hissiyyatını boğaraq, o özünü bəxtiyar sayırdı. İndi isə o, bütün varını xərcləmiş, daim aclıq çəkən, alçaldılmış, qüruru tapdalanmış, hər cür əxlaq istiqamətini itirmiş, iradəsiz və qabalaşmış halda insanların ən bədbəxti idi.HD 147.3

    Burada günahkarın müsibətli vəziyyətinin necə doğru təsviri verilmişdir! Allahın xeyir-duasına, Onun məhəbbətinə malik olan günahkar, buna baxmayaraq, Allahdan ayrılmaqdan çox heç nəyi istəmir, çünki özünün eyibli həvəslərini və günahkar həzlərini ödəməyə can atır. Nankor oğul kimi Allahdan hüququ ilə ona məxsus olan xeyirxahlığı tələb edir. Ona bağışlanan xeyirxahlığı lazımi kimi qəbul edərək, əvəzində Allaha öz minnətdarlığını və məhəbbətlə xidmətini vermək istəmir. Allahın üzündən özünə ev axtarmağa gedən Qabil kimi, fərsiz oğul “uzaq bir məmləkətə getdiyi” kimi, günahkarlar da öz səadətlərini Allahın olmasını münasib görmədikləri şeylərdə axtarırlar (bax. Rom. 1:28).HD 148.1

    Belə bir həyatın xarici görünüşü nə qədər cəlbedici olsa da, şəxsi mənafe üçün yaşanmış həyat — boş şeyə sərf edilmiş həyatdır. Allahsız yaşamağa cəhd edən adam özünü bərbad edir. O, qiymətli illəri sovurur, şüurunun, ürəyinin və qəlbinin qüvvəsini boş yerə xərcləyir və bununla da özünü əbədiyyət üçün yararsız edir. Allahdan uzaqlaşıb, həyatını özünə sərf etmək üçün yaşayan adam, həqiqətdə var-dövlət quluna çevrilir. Allahın mələklərlə ünsiyyətdən ötrü yaratdığı şüur yalnız dünyəvi, maddi şeylərə xidmət üçün istifadə edilir. Öz-özünə xidmət etmək mütləq buna gətirib çıxarır.HD 148.2

    Əgər siz belə həyat seçirsinizsə, bilin ki, siz pullarınızı gündəlik çörək olacaq şeylərə xərcləmirsiniz və həqiqi məmnuniyyət gətirəcək şeylər üçün işləmirsiniz. Gec-tez siz cırlaşmağınızı dərk edəcəksiniz. Uzaq bir ölkədə tənhalıqda qalaraq, siz özünüzü bədbəxt hiss edəcək və ümidsiz fəryad edəcəksiniz: “Nə zavallı adamam! Bu ölüm bədənindən məni kim xilas edəcəkdir?” (Rom. 7:24). Peyğəmbərin sözlərində əbədi olaraq sarsılmayan həqiqət vardır: “O adam lənətlidir ki, insana güvənir, bəşərin gücünə arxalanır, ürəyi Rəbdən ayrılır. O, çöldəki yulğun ağacı kimi olacaq, xeyir gələndə onu görməyəcək. Səhrada olan quraq yerlərdə heç kəs yaşamayan şoranlıqda sakin olacaq” (Yer. 17:5, 6). Allah “Öz günəşinə əmr edir ki, pis və yaxşı adamların üzərinə doğsun və saleh olanlar ilə olmayanların üzərinə yağmurlar göndərir” (Mt. 5:45); lakin insanlar özlərini günün işığından və yağmurdan məhrum etmək imkanına malikdirlər. Buna görə də Salehlik Günəşi parlayıb hamıya təmənnasız olaraq lütf yağmurunu göndərdiyi zaman, biz özümüzü Allahdan uzaqlaşdırıb, “səhranın quraq yerlərində məskunlaşa” bilərik.HD 148.3

    Ancaq Allahın məhəbbəti Onsuz yaşamağı üstün tutmuş adamların da üzərinə axmaqda davam edir. Belə adama təsir edib, onu geri, Ata evinə qaytarmaq üçün, Allah bütün imkanlardan istifadə edir. Sərsəri oğul belə bir acınacaqlı vəziyyətdə “özünə gəldi”. İblisin əsarəti altına düşməyinə səbəb olan yalan onun üzərində öz gücünü itirdi. Gənc dərk etdi ki, onun əzablarının səbəbi öz ağılsızlığıdır və dedi: “Atamın nə qədər muzdlu işçisi vardır, hamısının da bolluca çörəyi var, mən isə burada acından ölürəm! Durub atamın yanına gedəcəyəm”. Sərsəri oğul yenidən ata məhəbbətinə ümid və yəqinlik əldə etdi. Onu geri, ata evinə çəkən də məhz bu məhəbbət idi. Eynilə Allahın məhəbbətinə yəqinlik günahkarı Allaha dönməyə sövq edir. “Allahın xeyirxahlığı səni tövbəyə gətirir” (Rom. 2:4). İlahi məhəbbətin mərhəməti və şəfqəti — bu qızıl zəncirlər təhlükədə olan hər canı qoruyur. Rəbb deyir: “Səni əbədi bir məhəbbətlə sevdim, buna görə də sevgi ilə səni Özümə tərəf çəkdim” (Үег.31:3).HD 149.1

    Oğul öz təqsirini etiraf etmək qərarına gəlir. O, atasının yanına gedib, belə deməyi qərara alır: “Mən göyə və sənə qarşı günah işlətdim və artıq sənin oğlun adlanmağa layiq deyiləm”. Lakin o əlavə edir: “Məni öz muzdlu işçilərinin sırasına al” və bununla ata məhəbbətini nə qədər dərk etdiyini göstərir.HD 149.2

    Gənc adam donuz sürülərini və onların yedikləri keçibuynuzları tərk edərək, öz nəzərini evinə yönəldir. Zəiflikdən titrədiyinə, acından taqətsizləşdiyinə baxmayaraq, o inadla öz yoluna davam edir. Onun öz cırcındırını örtməyə bir şeyi yox idi, lakin bədbəxtlik onun qüruruna qalib gəldi və nə vaxtsa övladı olduğu yerdə indi muzdlu işçi yeri istəməyə tələsirdi.HD 150.1

    Bu şən və qayğısız gənc ata evinin darvazasından çıxdığı zaman onun ürəyinə saldığı ağrı və kədərdən nə az xəbərdar idi. Öz əxlaqsız dostları ilə oynayıb kef çəkdiyi zaman, tərk etdiyi evə düşən kölgə haqqında nə az düşünürdü. Budur, indi də çox yorğun halda, ayaqlarını güclə sürüyərək evinə tərəf ağır-ağır yeriyən zaman bilmirdi ki, onu yenə də gözləyirlər. Lakin “hələ uzaqda ikən” atası onu tanıdı. Məhəbbət iti gözə malikdir. Hətta oğlunun simasını güclü dəyişdirmiş günahlı illər onu tanımaqdan ötrü atasına mane olmadı. Atasının “ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü”.HD 150.2

    Atası icazə verməz ki, kiminsə istehzalı baxışı oğlunun cır-cındırı və yoxsulluğuna rişxənd etsin. O öz çiynindəki bahalı, enli mantiyanı götürüb onunla oğlunun arıq bədənini bürüdü. O isə hönkürüb tövbə edərək, belə dedi: “Ata! Mən göyə və sənə qarşı günah işlədim və artıq sənin oğlun adlanmağa layiq deyiləm”. Ata onu qucaqlayıb evə apardı. Oğula muzdlu işçi yerini istəmək imkanı düşmədi. O — oğuldur, evdə olanların ən yaxşısına layiq ediləcəkdir və kölələri ona tabe olub, xidmət edəcəklər.HD 150.3

    Ata əmr etdi: “Ən gözəl xələt gətirib onu geyindirin. Barmağına üzük və ayaqlarına çarıq taxın, kökəldilmiş dananı gətirin, kəsin: yeyib şadlanaq!”HD 150.4

    Üsyankar və fani gənclik illərində atası sərsəri oğula ciddi və tələbkar görsənirdi. O indi atasını nə qədər başqa görürdü! İblisin aldatdığı insanların gözündə də Allah zalım və cəzalandıran kimi görünür. Onlara elə gəlir ki, O, yalnız təqsirləndirib məhkum etmək istəyir və günahkarın hansısa bir qüsuru vardırsa, onu qəbul edib, ona kömək etmək istəmir. İnsanların çoxu Onun qanununu insan xoşbəxtliyini məhdudlaşdıran ağır yük sayırlar və ondan azad olmağa şaddırlar. Lakin o kəslər ki, Məsihin məhəbbəti gözlərini açmışdır, Allahı şəfqətlə dolu görürlər. Allah onlara zalım və rəhmsiz varlıq kimi deyil, öz tövbə etmiş oğlunu hərarətlə sinəsinə sıxmaq istəyən ata kimi təsvir edilir. Günahkar məzmurçu ilə bərabər nida edəcəkdir: “Ata övladlarına rəhm etdiyi kimi Rəbb də Ondan qorxanlara rəhm edir” (Məz.103:13).HD 150.5

    Məsəldə sərsəri oğula qarşı zərrə qədər də istehza yoxdur, onun pis əməllərini heç kim üzünə vurmur. Oğul hiss edir ki, keçmişdəki əfv edilib və unudulubdur, həmişəlik silinibdir. Allah da günahkara bunu deyir: “Asiliyini bulud kimi dağıtdım, günahlarını duman kimi sildim” (Yeş. 44:22). “Təqsirlərini bağışlayacağam, günahlarını daha yada salmayacağam” (Yer. 31:34). “Qoy pis adam öz yolunu, şər adam öz fikirlərini atsın. Qoy Rəbbə sarı dönsün ki, ondan mərhəmət tapsın. Qoy bizim Allahımız tərəfə dönsün, çünki Onun əfvi boldur” (Yeş. 55:7). “O gün, o zaman İsraildə təqsir axtarılacaq, ancaq olmayacaq. Yəhudada da günah axtarılacaq, ancaq tapılmayacaq” (Yer. 50:20).HD 151.1

    Biz burada Allahın tövbə edən günahkarı qəbul etmək istəyi haqqında necə böyük zəmanət tapırıq! Siz, ey oxucu, öz yolunuzu seçmisinizmi? Allahdan çox uzaq düşməmisinizmi? Siz də nə vaxtsa günahkarlığın məhsulundan həzz alıb onların dodaqlarınızda yalnız toz olduğunu aşkar etmisinizmi? İndi, günlərinizin tükəndiyi, həyatdakı planlarınızın dağıldığı, ümidinizin öldüyü zaman, ümidsiz bir halda tənha qalmamısınızmı? Ürəyinizə çoxdan bəri müraciət edən, lakin dinləmək istəmədiyiniz o sakit səs indi sizə açıq-aydın deyir: “Qalxın gedin, çünki bu ölkədə artıq əmin-amanlıq yoxdur. Bu yer murdarlandığına görə dəhşətli surətdə darmadağın olacaq” (Mik. 2:10). Öz Ata evinizə qayıdın. O sizi dəvət edərək deyir: “Mənə tərəf dön, çünki səni mən satın aldım” (Yeş. 44:22).HD 151.2

    Sizə özünüzü daha yaxşı edənə kimi, Allaha gəlmək üçün. lazımi qədər xeyirxah oluncaya qədər Məsihdən uzaq olmağınızı pıçıldayan düşmənə inanmayın. Əgər siz bunun nə vaxt baş verəcəyini gözləyəcəksinizsə, siz Ona heç zaman gəlməyəcəksiniz. “Tapmaq fürsəti olarkən Rəbbi axtarın, O yaxın ikən Ona yalvarın. Qoy pis adam öz yolunu, şər adam öz fikirlərini atsın. Qoy Rəbbə sarı dönsün ki, Ondan mərhəmət tapsın. Qoy bizim Allahımız tərəfə dönsün, çünki Onun əfvi boldur” (Yeş. 55:6, 7). İblis sizin çirkli paltarlarınıza işarə etdiyi zaman, İsanın vədini təkrar edin: “Mənim yanıma gələni rədd etməyəcəm” (Yəh. 6:37). Düşmənə deyin ki, Məsih İsanın qanı hər cür günahdan təmizləyir. Qoy Davudun duası sizin şəxsi duanız olsun: “Məni züfa ilə pak et, təmiz olum, məni yu, qardan da ağ olum” (Məz. 51:7).HD 151.3

    Ayağa qalxın və öz Atanızın yanına gedin. Hələ uzaqda olduğunuz zaman, O sizi qarşılamağa çıxacaq. Peşmançılıq içində Ona tərəf yalnız ilk addımınızı atdığınız zaman, O artıq sizi Öz hədsiz məhəbbət ağuşuna almağa tələsəcəkdir. O, əzablı canın fəryadını tez eşidir. Ürəyin Allaha tərəf ən birinci çırpıntısı Ona məlumdur. Duanız necə cəsarətsiz ifadə edilmiş olsa da, göz yaşlarınız necə gizlin axıdılsa da, Allaha yönəlmiş hərəkətləriniz necə zəif olsa da, Allahın Ruhu onlara qarşı tələsir. Siz dua etdikdən və yaxud öz ürəyinizin meylini dərk etdikdən əvvəl, artıq qəlbinizdə mövcud olan lütfə qarşı Məsih daha böyük lütf göndərir.HD 152.1

    Sizin Səmavi Atanız sizin əyninizdən günahla çirklənmiş paltarı çıxaracaqdır. Zəkəriyyə peyğəmbərin çox gözəl simvol olan peyğəmbərliyində Rəbbin Mələyi qarşısında çirkli paltarlarda dayanmış dahi kahin Yəşua özündə günahkarı nümayiş etdirirdi. Lakin Mələk Rəbbin sözünü bəyan elədi:HD 152.2

    “Onun əynindən çirkli paltarı çıxarın”. Sonra Yeşuaya dedi: “Bax günahını sənin üzərindən götürdüm, indi sənə bayram paltarı geyindirəcəyəm”... Başına təmiz çalma bağlayıb ona paltar geyindirdilər” (Zək. 3:4, 5). Beləcə, Allah sizə də “qurtuluş geyimi” geyindirib, “salehlik libasına” bürüyəcəkdir (Yeş. 61:10). “Qanadları gümüş kimi bərq vuran, tükləri isə qızıl kimi parlayan, göyərçinə oxşayırsınız” (Məz. 68:13).HD 152.3

    O sizi Öz ziyafət evinə daxil edəcək və məhəbbət Onun sizin üzərinizdəki bayrağı olacaqdır (Nəğmələr nəğməsi, 2:4). “Əgər yollarımla getsən, — O deyir, — burada duranların arasında”, hətta Onun taxtını əhatə edən müqəddəs mələklər arasında “içəri keçmək haqqını sənə verirəm” (Zək. 3:7).HD 153.1

    “Necə ki bəy gəlindən zövq alırsa, Allahın da səndən zövq alacaq” (Yeş. 62:5). “Allahın Rəbb, qüvvətli Qurtarıcın səninlədir! O sənin üçün sevinib şadlanacaq, səni məhəbbəti ilə yeniləşdirəcək, sənin üçün tərənnümlə coşacaq!” (Sef. 3:17). Həm göylər, həm də yer Atanın sevinc nəğməsində qovuşacaq: “Çünki bu oğlum ölmüşdü, dirildi; qeyb olmuşdu, tapıldı”.HD 153.2

    Beləliklə, buraya kimi Xilaskarın məsəlində heç bir qeyd yoxdur ki, şən görüş tamaşasının harmoniyasını poza bilsin. Lakin bu yerdə Məsih bir iştirakçı da daxil edir. Sərsəri oğul evə qayıdan zaman, böyük qardaşı “tarlada idi; qayıdarkən evə yaxınlaşdığı zaman, musiqi və rəqs səsləri eşitdi; nökərlərdən birini çağırıb soruşdu: “Bu nədir?” O, ona dedi: “Sənin qardaşın qayıdıb, atan isə kökəldilmiş dananı kəsib, çünki onu sağ-salamat tapdı”. O isə hirsləndi və içəri girmək istəmədi”. Bu böyük qardaş atasının təlaşını bölüşmürdü və həmişəlik qeyb olduğu güman edilən qardaşını tamamilə gözləmirdi. Buna görə o indi də bu səfilin qayıtmağı münasibətilə atasının sevincinə şərik olmurdu. Şənlik səsləri onun ürəyini sevindirmirdi. O nökərdən şənliyin səbəbi haqqında soruşur və onun cavabı onda paxıllıq oyadır. Evə girib özünün qeyb olan qardaşını salamlamaq istəmir. Azmış oğula göstərilən nəvazişi öz ünvanına təhqir hesab edir.HD 153.3

    Atası çıxıb oğluna nəsihət verdiyi zaman o öz xasiyyətinin hədsiz qürurlu və kinli olduğunu göstərdi. Özünün ata evindəki həyatını ödənilməmiş xidmət hesab edirdi və buna görə də yenicə qayıtmış sərsəri oğula göstərilən xeyirxahlıq və rəğbətə hiddətləndi. Öz xidmətinin oğul xidmətindən daha çox nökər xidmətinə oxşadığını bildirdi. Atasının yanında daim sevinmək əvəzinə, bütün fikrini öz ehtiyatlı həyatına görə ona çatacaq nemətlərdə cəmləşdirdi. Onun sözləri sübut edir ki, o, yalnız buna görə günahın həzlərindən imtina edirdi. İndi isə, atasının ənamlarını onunla bərabər qardaşı da bölüşdürdüyü zaman, böyük oğlu hesab edir ki, onunla ədalətsiz rəftar etdilər. O, qardaşına göstərilən rəğbətə görə ona paxıllıq edir. O aydın göstərir ki, atasının yerində olsa idi, sərsəri oğulu qəbul etməzdi. O hətta onu qardaşı kimi qəbul etməyərək, ancaq soyuqqanlılıqla “sənin oğlun” adlandırırdı.HD 153.4

    Ancaq buna baxmayaraq, atası oğluna qarşı incəliklə və yumşaq rəftar edir. “Oğlum! — ona deyir, — sən həmişə mənimləsən və mənim bütün əmlakım sənindir”. Məgər qardaşının bütün sərsərilik illəri boyunca sən mənimlə mehriban ünsiyyət üstünlüyünə malik deyildinmi?HD 154.1

    Onun övladlarının xoşbəxtliyinə xidmət edə bilən hər şey tamamilə onlara məxsus idi. Oğulun ona aid olan ənam və mükafatlara şübhə etməyinə ehtiyac yoxdur: “Mənim bütün əmlakım sənindir”. Ancaq mənim məhəbbətimə iman edib, sənə verilmiş ənamları minnətdarlıqla qəbul etmək lazımdır.HD 154.2

    Oğullardan birisi bir müddət öz ailə üzvlərindən üz çevirərək, ata məhəbbətini qiymətləndirmədi. Lakin budur, o qayıtdı və sevinc axını bütün təlaşlı fikirləri apardı. “Sənin bu qardaşın ölmüşdü, dirildi, qeyb olmuşdu, tapıldı”.HD 154.3

    Böyük qardaş öz qəlbinin nə qədər qaranlıq və naşükür olduğunu dərk edə bildimi? Dərk edə bildimi ki, qardaşı nə vaxtsa büdrəmişdisə də, yenə də onun qardaşı olaraq qalır? Böyük qardaş öz paxıllıq və daşürəkliliyinə görə peşman oldumu? Bu barədə Məsih heç nə demir. Bu məsəldə təsvir edilən əhvalat hələ davam etdiyinə görə Onun dinləyicilərinə sonu necə olacağını təyin etmək imkanı verir.HD 154.4

    Bu məsəldəki böyük oğul Məsihin dövründəki tövbə etməyən ibraniləri və eləcə də vergiyığan və günahkar hesab etdikləri hər kəsə nifrətlə baxan bütün zamanların fəriseylərini təsvir edir. Onlar günahın ifrat formalarına qapılmadıqları üçün özlərini tamamilə saleh sayırlar. Məsih isə bu öcəşkən adamların diqqətini onların öz həyatlarına yönəldir. Məsəldə böyük oğula verildiyi kimi, onlara da Allah tərəfindən xüsusi üstünlüklər verilmişdir. Allah evində onlar özlərini oğul sayırdılar, lakin muzdlu işçi ruhuna malik idilər. Onlar zəhmət çəkirdirlər, lakin sevgidən yox, mükafat gözləyərək. Onların nəzərində Allah tələbkar gözətçi idi. Onlar görürdülər ki, Məsih vergiyığanları və günahkarları Onun lütf ənamını təmənnasız qəbul etməyə dəvət edirdi, bu ənama kahinlər yalnız zəhmət və özünü məhdudlaşdırma yolu ilə nail olmaq ümidində idilər və onlar bundan incik düşmüşdülər. Ata ürəyini sevinclə dolduran sərsəri oğulların qayıtmaları onlarda yalnız həsəd və paxıllıq oyadırdı.HD 154.5

    Məsəldəki böyük oğula verilən ata nəsihəti Göylərin fəriseylərə qarşı dözümlü münasibətini təsvir edir: “Mənim bütün əmlakım sənindir”. Bu, ödəniş deyil, bu, ənamdır. Sərsəri oğul kimi, siz də onu yalnız layiq olmadığınız Ata Məhəbbətinin ənamı kimi qəbul edə bilərsiniz.HD 155.1

    Öz-özünü saleh hesab etmək yalnız Allah haqqında yanlış təsəvvür yaratmır, o, eyni zamanda insanları öz həmqardaşlarına qarşı tənqidlərində soyuq, amansız edir. Eqoizm və qısqanclıq əsarətində olan böyük oğul öz qardaşının hər addımını izləyərək, onun hər bir əməlini tənqid edib, xırdaca bir qüsuruna görə mühakimə etməyə hazır idi. O onun hər səhvini yadda saxlayar, hər bir yanlış hərəkətini qeyd edərdi. Bununla o özünün bağışlamayan xarakterinə bəraət qazandırmağa çalışardı. Çoxları bu gün də belə edirlər. İnsan sınaqlar selinə qarşı durmaq üçün ilk səylərini göstərdiyi zaman, onlar yaxınlıqda duraraq, daim yenilməz və öz bildiklərini edən xasiyyətlərilə həmişə ittiham və şikayət etməyə hazırdırlar. Onlar özlərini Allahın övladları hesab etsələr də, iblisin ruhunda hərəkət edirlər. Öz qardaşlarına qarşı münasibətlərilə onlar özlərini elə bir vəziyyətə salırlar ki, Allah onlara Öz nurundan verə bilmir.HD 155.2

    İnsanların çoxunu daim bu sual düşündürür: “Rəbbin hüzuruna nə ilə gedim? Uca Allaha necə səcdə edim? Önünə yandırma qurbanları ilə — birillik danalarla çıxımmı? Rəbbə min-min qoç qurbanları, zeytun yağının on minlərcə selləri xoş gələrmi? Asiliyimə görə ilk oğlumu, günahım üçün Öz övladımı verimmi? Ey insanlar, Allah sizə yaxşı olanı bildirdi. Rəbb sizdən bundan başqa nə istəyir ki? Adil olun, məhəbbət göstərməyi sevin, Allahınızın önündə təvazökarlıqla gəzin” (Mix. 6:6-8).HD 156.1

    Allahın istədiyi sitayiş bundan ibarətdir: “Mənim istədiyim oruc haqsızlığın buxovlarını qırmaq, boyunduruğun iplərini açmaq, sıxıntı içində olanları azad etmək, hər cür boyunduruğu məhv etmək deyilmi?” (Yeş. 58:6, 7). Özünüzü yalnız Səmavi Atanızın məhəbbəti sayəsində xilas edilmiş günahkar hiss etdiyiniz zaman, günahdan əziyyət çəkən başqa insanlara həssas mərhəmətlə yanaşacaqsınız. Başqasının bədbəxtlik və tövbəsini bundan sonra qısqanclıq və şübhə ilə qarşılamayacaqsınız. Ürəyinizdə eqoizm buzu əridiyi zaman, Allahla tam harmoniyada olacaqsınız və Onun azmışların xilas edilməsinə görə olan sevincinə şərik olacaqsınız.HD 156.2

    Özünüzü Allahın övladları saymağınız doğrudur; lakin əgər bu, həqiqətən, belədirsə, onda Allaha qayıdan — “sizin qardaşınızdır”, o qardaşınız ki, “ölmüşdü — dirildi, qeyb olmuşdu — tapıldı”. O sizinlə ən sıx tellərlə bağlıdır, çünki Allahın Özü onu Öz övladı hesab edir. Onunla öz qohumluğunuzu inkar etməklə göstərəcəksiniz ki, İlahi ailənin üzvü deyil, bu evdə yalnız muzdlu işçisiniz. Azmış oğulun qayıtması münasibətilə olan görüşə və şadlığa qoşulmasanız da, sevinc və şənlik davam edəcəkdir: geri dönən oğul Atanın yanında və Atanın işində öz yerini tutacaqdır. Kimə çox günah bağışlanıbsa, o çox da sevəcəkdir. Siz isə bayırdakı zülmətdə qalacaqsınız. Çünki “sevməyən, Allahı dərk etməmişdir, çünki Allah məhəbbətdir” (1 Yəh. 4:8).HD 156.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents