Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Həyat Dərsləri - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    “Xardal toxumuna bənzər”

    (Mt 13:31. 32; Mk. 4:30-32; Lk. 13:18, 19)

    Məsihi dinləyənlərin içərisində fəriseylər də çox idi. Onlar istehza ilə qeyd edirdilər ki, Onun Məsih olduğunu etiraf edənlər azdır. Onlar özlərinə sual edirdilər ki, bu sadə müəllim hansı yol ilə İsraili qüdrət zirvəsinə yüksəldəcəkdir və necə ola bilər ki, var-dövləti, hakimiyyəti və izzəti olmadan, O, yeni padşahlıq qura bilər. Məsih onların fikirlərini oxuyub, belə cavab verdi:HD 47.1

    “Allahın Səltənətini nəyə bənzədək? Yaxud onu nə məsəllə müqayisə edək?” Dünyəvi hakimiyyətdə ona bənzəyən heç nə yox idi. Heç bir vətəndaş cəmiyyəti Ona bənzətmək üçün simvol ola bilməz. “Xardal toxumu kimidir. Yerə əkildikdə toxumların ən kiçiyidir. Əkildikdən sonra böyüyür və bütün bağça bitkilərindən daha böyük olur, elə iri budaqlar salır ki, göyün quşları onun kölgəsi altında yuva tikə bilirlər” (Mk. 4:31,32).HD 47.2

    Torpağa düşmüş toxum Allahın Özü tərəfindən ona bəxş edilmiş həyat qanununa əsasən bitir və insanın səylərindən tamamilə asılı deyil. Bu eynilə Məsihin Səltənətinə də aid edilir. Bu, yeni bir şeydir. Onun inkişaf prinsipləri dünya dövlətlərini idarə etmiş və edəcək qanunlara ziddir. Dünya hökmdarları öz hakimiyyətlərini zorakılıqla təsdiq edirlər; onlar öz iqtidarlarını müharibələrlə saxlayırlar; yeni Padşahlığın qurucusu isə Sülh Padşahıdır. Müqəddəs Ruh dünya padşahlıqlarını yırtıcı heyvanlarla təsvir edir; Məsih isə “dünyanın günahını aradan qaldıran Allah Quzusudur” (Yəh. 1:29). Onun idarə üsulunda zorakılığa, insanın azadlığını tapdalayan heç nəyə yer yoxdur. İbranilər güman edirdilər ki, Allahın Padşahlığı da bu dünyanın padşahlıqlarının qurulduğu tərzdə qurulacaqdır. Adamları doğru yola gətirmək üçün onlar zahiri təsirlərdən istifadə edirdilər, dünyəvi metodlar və özlərinin yaratdıqları planları tətbiq edirdilər. Məsih isə yeni həyatın İlahi təməlini verdi. Əbədi həqiqət və paklığı təsdiq edərək, O, yalan və günaha qalib gəldi.HD 47.3

    Məsih Öz məsəlini danışan zaman xardal ağaclarını hər yanda görmək olardı. Onlar ot və sünbüllərdən uca idi, budaqları ləngər vururdu. Quşlar budaqdan-budağa uçub, cəh-cəh vururdular. Ancaq bu nəhəng ağaclar, ola bilsin, ən xırda bir toxumdan boy atmışdı. Əvvəlcə bu toxum zərif bir cücərti verir. İlk baxışda çox zəif görünən, lakin həqiqətdə böyük yaşamaq qüvvəsinə malik bu cücərti əzmlə böyüyür və inkişaf edərək, nəticə etibarilə möhtəşəm bir ağaca çevrilir. Məsihin Səltənəti də ilk baxışda sadə və əhəmiyyətsiz görünürdü. Dünya dövlətləri ilə müqayisədə o çox zəif görünürdü. Məsihin padşah olmaq haqqında sözləri bu dünyanın idarəçilərində gülüş doğura bilərdi. Lakin Məsihin davamçılarına bəxş edilmiş əbədi həqiqətlərdə Müjdə Padşahlığı özü ilə İlahi həyat gətirirdi. Lakin o necə sürətlə qol-budaq atdı, necə geniş yayıldı! Məsih xardal toxumu haqqında məsəl gətirdiyi zaman yeni Səltənət yalnız bir neçə qalileyalı kəndlidən ibarət idi. Onların yoxsul və az sayda olmaları — Məsihin dalınca gəzən bu sadəlövh və bəsirətsiz balıqçılara qoşulmaq istəyənləri qaytarmaq üçün səbəblərdən biri idi. Ancaq xardal toxumu böyüyüb bütün dünya üzərində budaq açmalı idi. Əgər insan təsəvvürünü sarsıdan dünya səltənətlərinin hamısı gec, ya tez məhv olurlarsa, Məsihin Səltənəti qüdrətlə və hər şeyi əhatə edərək qalmaqdadır.HD 48.1

    Lütf də belədir. Öncə o, insan ürəyində kiçik bir yer tutur. Lakin Kəlam deyilib, işığın şüası qəlbə daxil olub və yeni həyatın başlanğıcı olan təsir başlayıb; onun nəticələrini kim ölçə bilər?HD 48.2

    Xardal toxumu haqqındakı məsəl Məsihin Padşahlığının ümumi inkişafından başqa, bu inkişafın hər mərhələsinin məsəldəki inkişaf mərhələləri ilə üst — üstə düşməyini nümayiş etdirir. Allahın Öz imanlılar cəmiyyətinin hər nəsli üçün ayrıca xüsusi həqiqətləri və tapşırıqları vardır. Hər zaman bu dünyanın həddindən artıq ehtiyatlı müdriklərinə gizli qalan həqiqət uşaq kimi sadə və təvazökar adamlara açılmışdır. Həqiqət fədakarlığa dəvət edir; döyüş və qələbəyə çağırır. Əvvəlcə həqiqəti az adam eşidir. Onlara gülürlər, bu dünyanın dahiləri və dünya ilə ayaqlaşan imanlılar cəmiyyəti onlara qarşı dururlar. Məsihə şəhadət edən və yəhudilərin qüruruna və mərasimçiliyinə qarşı təkbaşına mübarizə aparan Vəftizçi Yəhya ilə də belə oldu. Xoş Xəbəri Avropaya ilk dəfə çatdıranlarla da belə oldu. Troasdan Filipiyə yola düşən iki çadır düzəldənin — Pavel və Silanın səfərləri nə qədər ağır və ümidsiz görünürdü. Qeysərlər paytaxtında Məsihi təbliğ edən, qolları zəncirlənmiş “qoca Pavel” ilə də belə oldu. Roma imperatorluğunun bütpərəstliyi ilə münaqişəyə girmiş kiçik kəndli və qul cəmiyyətləri ilə də belə oldu. Dünya müdrikliyinin təzahürü olan qüdrətli kilsəyə qarşı çıxmış Martin Lüterlə də belə oldu. İmperatora və papaya qarşı çıxarkən, o, Allah Kəlamından nə qədər bərk yapışmışdı: “Mən bunun üzərində möhkəm dayanıram və başqa cür bacarmıram. Allah mənə kömək olsun”. Məsihi və Onun həqiqətini kilsə mərasimçiliyi, sensualizm və imansızlıq dövründə təbliğ edən Con Uesli ilə də belə oldu. Bütpərəst dünyasının fəlakətlərindən məyus olmuş, Məsihin məhəbbət müjdəsini insanlara çatdırmaq arzusu ilə yaşayan, əvəzində isə ruhani kahindən “Əyləşin, cavan oğlan! Allah bütpərəstləri imana gətirmək istədiyi vaxt bunu sənin və mənim köməyim olmadan edəcəkdir” cavabını almış bir gənci təsəvvür edin.HD 49.1

    Bizim dövrün dini fikir dahiləri keçmiş əsrlərdə həqiqət toxumlarını səpən adamları tərifləyərək, onlara abidə ucaldırlar. Ancaq bu da həqiqətdir ki, bu işi görərkən, onlar çox zaman həmin toxumların müasir dünyamızdakı cücərtilərini tapdalayırlar. Yenidən keçmişdən qalmış bir fikir səslənir: “Biz Allahın Musa ilə danışdığını bilirik; bu Adamın isə haradan olduğunu bilmirik” (Yəh. 9:29). Keçmişdə olduğu kimi, məhz bizim dövr üçün mühüm əhəmiyyət kəsb edən həqiqətlər də ruhani kahinlərə deyil, həddindən artıq ağıllı və müdrik olmayan, bəlkə də məhz buna görə Allah Kəlamına canlı imanını saxlamış insanlara açılır.HD 49.2

    “Qardaşlar, baxın, siz dəvət olunmuşlar kimsiniz: aranızda cismani nöqteyi-nəzərdən müdrik, nüfuzlu və əsilzadə çox deyil. Lakin Allah, müdrikləri utandırmaq üçün dünyanın ağılsız saydıqlarını seçdi və güclüləri utandırmaq üçün dünyanın zəif saydıqlarını seçdi; Allah əhəmiyyətli sayılanları ləğv etmək üçün bu dünyanın əsilzadə olmayanlarını, xor baxılanlarını, hətta heç əhəmiyyəti olmayanlarını seçdi ki” (1 Kor. 1:26-28), “sizin imanınız insan müdrikliyinə deyil, Allahın qüdrətinə istinad etsin” (1 Kor. 2:5).HD 50.1

    Həqiqi məsihçilərin belə bir qardaşlığında xardal toxumu haqqındakı məsəl öz möhtəşəm təzahürünü tapacaqdır. Kiçik bir toxum böyük bir ağac olacaqdır: Sonuncu mərhəmət və xəbərdarlıq çağırışı bizi “yer üzündə yaşayanlara, hər millətə, hər qəbiləyə, hər dilə və hər xalqa təbliğ etmək” üçün (Vəh. 14:6) onların yanına getməyə dəvət edir ki, “Öz İsmi naminə bir xalq təşkil etsin” (Həv.iş.15:14). Beləliklə, “bütün yer üzü Onun izzətindən aydınlaşacaq” (Vəh. 18:1).HD 50.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents