Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Həyat Dərsləri - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    “Diləyin ki, başqasına verə biləsiniz”

    (Lk. 11:1-13)

    Məsih bizə bəxş edə bildiklərini daim Atadan alırdı. “Və eşitdiyiniz söz Mənim deyil, — O deyir, — Məni göndərən Atanındır” (Yəh. 14:24). “İnsan Oğlu Ona xidmət edilmək üçün deyil, xidmət etməyə gəlmişdir” (Mt. 20:28). O Özü üçün deyil, başqaları üçün yaşayır, düşünür və dua edirdi. Allahla ünsiyyətdə keçirdiyi saatlardan sonra, O hər səhər yenidən insanların yanına gəlib səma nurunu onlara izhar edirdi. O, һәг gün yenidən Müqəddəs Ruhla vəftiz olunurdu. Yeni günün ilk saatlarında Rəbbi Onu istirahətindən oyadaraq, ruhunu və ağzını lütf ilə təqdis edirdi ki, O da onu insanlara çatdırsın. O, səma saraylarından yeni sözlər alırdı, yorğun və əzgin olanlara yalnız bu kəlmələr lazım idi. “Yorğunlara sözlə dayaq olmağı bilim deyə Xudavənd Rəbb mənə savadlıların dilini verdi. O hər səhər qulağımı oyadır ki, savadlı adamlar kimi dinləyə bilim” (Yeş.50:4).HD 95.1

    Məsihin dua etməsi və Allahla daim ünsiyyətdə olması Onun şagirdlərini heyrətə salırdı. Bir dəfə, Rəbbin qısamüddətli yoxluğundan sonra, onlar Onu duaya dalmış tapdılar. Ehtimal ki, onların gəlişini görməyən Məsih ucadan dua etməyə davam edirdi. Şagirdləri heyrət içində idilər. O dua edib qurtardıqdan sonra onlar dedilər: “Ya Rəbb! Bizə dua etməyi öyrət”.HD 95.2

    Cavabında Məsih əvvəlcə dağüstü moizəsində verdiyi Rəbbin duasını onlara təkrar etdi. Sonra isə məsəl vasitəsilə onlara vermək istədiyi nəsihəti təkrar elədi. “Və onlara dedi: Fərz edək ki, sizlərdən birisinin dostu var. Gecə yarısı onun evinə gəlib deyir: “Dostum! Mənə üç çörək borca ver. Çünki yoldan yanıma bir dostum gəlib, ona təklif edəcək bir şeyim yoxdur”. O da içəridən ona cavab verərək deyir: “Məni narahat etmə, qapı artıq bağlıdır və uşaqlarım mənimlə bərabər yataqdadırlar; qalxıb sənə bir şey verə bilmərəm”. Sizə deyirəm ki, əgər o, dostluq naminə qalxıb verməsə də, dostu üzə saldığından qalxıb nə qədər istəyirsə ona verəcəkdir”.HD 96.1

    Burada Məsih Özü başqasına vermək üçün diləyən insan simasında təsvir edilir. Ona çörək lazımdır, əks təqdirdə o, gecikmiş yorğun qonağın ehtiyacını ödəyə bilməyəcəkdir. Qonşu narahat edilmək istəməsə də, diləyən öz diləklərini dayandırmır, çünki onun dostuna kömək etmək lazımdır və diləyənin inadkarlığı axırda mükafatlandırılır və o, istədiyinə nail olur.HD 96.2

    Şagirdlər də buna bənzər inadkarlıqla Allahdan xeyir-dua istəməlidirlər. Bir çox adamı doyurduğu zaman və səmavi çörək haqqında moizəsində Məsih şagirdlərinin Onun təmsilçiləri kimi görməli olduqları işi onlara açdı. Onların vəzifəsi insanlara həyat çörəyini bəxş etməkdən ibarət idi. Onlara bu işi tapşıran Şəxs onların imanını gözləyən sınaqları görür və bilirdi. Onları gözlənilməz şəraitə düşüb, öz imkanlarının məhdudluğunu hiss etmək gözləyirdi. İnsanlar həyat çörəyi üçün müraciət edən zaman, onların qarşısında özlərini gücsüz və köməksiz hiss etmək təhlükəsi dururdu. Onların özlərinə daim ruhlu qida ilə qidalanmaq lazım olacaqdı ki, onlar da onu başqaları ilə bölüşə bilsinlər. Ancaq heç kim ehtiyacı ödənilmədən onlardan ayrılmalı deyildi. Məsih onların güc alacaqları mənbəni göstərir. Vaxtsız gəlməsinə baxmayaraq, həmin insan dostuna qonaqpərvərlikdə imtina etmədi. Dostuna təklif edə biləcək heç nəyi olmasa da, o, qonşusunun evinə gedib istədiyini alana qədər inad göstərdi. Məgər Öz qullarını ehtiyacı olanları doyurmağa göndərmiş Allah Öz işini davam etdirməkdən ötrü onların çatışmazlıqlarını ödəməyəcəkmi?HD 96.3

    Ancaq bu məsəldəki təkəbbürlü qonşu İlahi xasiyyəti təsvir etmir. Haqqında söhbət gedən vəziyyətdə dərs — müqayisədə deyil, təzaddadır. Təkəbbürlü insan inadlı istəyi yalnız onun istirahətini pozan adamdan canını qurtarmaq üçün yerinə yetirir. Allah isə bəxş etdiyinə sevinir. O, şəfqətlə doludur və Onun hüzuruna imanla gələnlərin istəklərini ödəməyə çalışır. O bizə həvəslə, sevinclə bəxş edir ki, biz də başqalarına xidmət edərək, Ona bənzəməyə çalışaq.HD 97.1

    Məsih bəyan edir: “Diləyin, sizə veriləcək; axtarın, tapacaqsınız; qapını döyün, sizə açılacaq. Çünki hər diləyən alır, axtaran tapır və qapı döyənə açılır”.HD 97.2

    Xilaskar sözünə davam edir: “Aranızda elə bir ata varmı ki, oğlu çörək istərsə, ona daş versin? Yaxud balıq istərsə, ona balıq əvəzinə ilan versin? Yaxud yumurta istərsə, ona əqrəb versin? Beləliklə, madam ki, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verə bilirsiniz, Səmavi Atanızın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!”HD 97.3

    Allaha imanımızı möhkəmləndirməkdən ötrü Məsih Ona yeni adla müraciət etməyi öyrədir, elə bir adla ki, insan qəlbindəki ən qiymətli təəssürat və xatirələrlə bağlıdır. O, Nəhayətsiz Allaha bizim Atamız kimi müraciət etmək hüququ verir. Müraciət edərkən adlandırdığımız bu ad bizim Ona olan sevgimizin və etibarımızın nişanəsidir. Digər tərəfdən, bu ad Onun bizə olan ata münasibəti və məhəbbətinin rəhnidir. Allahdan mərhəmət, yaxud xeyir-dua dilədikdə səslənən bu ad Onun üçün musiqi kimi səslənir. Ona Ata kimi müraciət etməyi təkəbbürlülük saymamağımız üçün Özü onu dəfələrlə təkrar edir. O istəyir ki, bu ad və müraciət bizim üçün adi və təbii olsun.HD 97.4

    Allah bizə Öz övladları kimi baxır. O bizi bu qayğısız dünyadan hifz edib seçdi ki, Padşah ailəsinin üzvləri, Göylərin Padşahının oğul və qızları olaq. Körpə öz dünyəvi atasına etibar etdiyindən də daha dərin və güclü şəkildə Ona etibar eləməyimizi təklif edir. Bütün valideynlər öz övladlarını sevirlər, lakin Allahın məhəbbəti hər bir insan sevgisindən güclü, dərin və genişdir. O, ölçüyəgəlməzdir. Əgər hətta dünyəvi valideynlər öz övladlarına yaxşılıqlar bəxş edə bilirlərsə, Səmavi Atamız Ondan dua edib diləyənlərə nə qədər zəngin Müqəddəs Ruh bəxş edəcəkdir!HD 97.5

    Məsihin dua haqqındakı nəsihətlərinə xüsusi diqqət yetirmək lazımdır. Dua özündə İlahi elm gizlədir və Məsihin təqdim etdiyi təsvir hər adamın dərk etməli olduğu prinsipləri açır. İsa burada göstərir ki, duanın həqiqi ruhu necə olmalıdır. O bizi Allaha müraciətlərimizdə inadlı olmağa çağırır və Onun bizim duamızı dinləyib cavab vermək istəyinin şübhəsiz olduğuna zəmanət verir.HD 98.1

    Bizim dualarımız yalnız öz xoşbəxtliyimiz üçün diləklərdən ibarət olmamalıdır. Biz bölüşə biləcəyimiz şeylər haqqında dua etməliyik. Məsihin həyat prinsipləri bizim həyat prinsiplərimiz olmalıdır. “Mən Özümü onların uğrunda müqəddəs edirəm ki, — O Öz şagirdlərini nəzərdə tutaraq deyir, — onlar da həqiqətdə müqəddəs edilsinlər” (Yəh. 17:19). Məsihdə izhar edilmiş həmin müqəddəsləşmə, həmin fədakarlıq və özünü qurban vermə, Allah Kəlamının tələblərinə həmin itaət Onun qullarına da məxsus olmalıdır. Dünyadakı xidmətimiz özümüzə və öz firavanlığımıza xidmətə çevrilməməlidir; bizim məqsədimiz Allahı izzətləndirərək, günahkarların xilas edilməsində Onunla birləşməkdən ibarətdir. Biz Allahdan xeyir-dua diləməliyik ki, onu başqalarına verə bilək. Yeni bilikləri dərk etmək, almaq qabiliyyəti yalnız o zaman saxlanılır ki, biz malik olduqlarımızı həvəslə başqaları ilə bölüşürük. Malik olduqlarımızı ətrafdakılarla bölüşməsək, səma sərvətlərini almaqda davam edə bilmərik.HD 98.2

    Məsəldə qonşusunun yanına xahişlə gəlmiş insan dəfələrlə rədd cavabı alsa da, öz cəhdlərini davam etdirdi. Bizim dualarımıza da hər zaman dərhal cavab verilmir; lakin Məsih öyrədir ki, dua etməkdə davam etməliyik. Dua Allahın məqsədini dəyişdirmək üçün təsis edilməmişdir; o bizi Allahla ahəngdarlığa gətirməyə xidmət edir. Ona xahişlə müraciət etdikdə, O, əlbəttə ki, bizim öz ürəyimizə nəzər salıb günahımızda tövbə etməyimizi vacib sayır. Buna görə Allah bizi imtahan və sınaqlardan keçirib itaətə gətirir ki, Müqəddəs Ruhun qəlbimizdəki işinə mane olan şeyləri görə bilək.HD 98.3

    İlahi vədlərin yerinə yetirilməsi üçün müəyyən şərtlər vardır. Hər hansı bir dua insanı öz məsihçi vəzifələrini icra etməkdən azad etmir. “Əgər Məni sevirsinizsə, — Məsih deyir, — əmrlərimi yerinə yetirin”. “Kim əmrlərimə malik olub onlara riayət edərsə, Məni sevən odur. Məni sevən, Atam tərəfindən seviləcəkdir; Mən də onu sevəcəyəm və Özümü ona göstərəcəyəm” (Yəh. 14:15, 21). O şəxslər ki, Allaha vədlərinin yerinə yetməsi üçün dua edir, lakin eyni zamanda müəyyən şərtlərə tabe olmurlar, Xudavənd Allahı təhqir etmiş olurlar. Onlar Məsihin adından istifadə edib, vədlərin icra olunmasını istəyirlər, lakin əməllərində Məsihə olan imanları və məhəbbətləri büruzə verilmir.HD 99.1

    Bir çoxları Atanın onları qəbul etmək üçün qoyduğu şərtləri icra etmirlər. Bizi Allaha yaxınlaşdıra biləcək iman işimizi diqqətlə tədqiq eləməliyik. Əgər biz Ona itaət etmiriksə, sanki Rəbbə ödəniş qəbzi təqdim edirik, lakin ödənməsi üçün vacib olan şərtləri yerinə yetirmirik. Biz əbəs yerə Allaha vədlərini xatırladıb, icra edilməsini istəyirik, çünki bu zaman bizim istəklərimizi yerinə yetirməklə Allah Öz adını şöhrətdən salardı.HD 99.2

    Rəbbin vədi isə belə səslənirdi: “Əgər Məndə qalsanız və sözlərim sizdə qalarsa, nə istəyirsiniz diləyin, sizə veriləcəkdir” (Yəh. 15:7). Yəhya isə təsdiq edir: “Onu tanıdığımızı isə bundan bilirik ki, Onun əmrlərinə riayət edirik. Kim deyirsə ki, Onu tanıyıram, amma Onun əmrlərinə riayət etmirsə, o, yalançıdır və onda həqiqət yoxdur. Kim Onun sözünə riayət edirsə, Allahın məhəbbəti onda həqiqətən kamil olmuşdur” (1 Yəh. 2:3-5).HD 99.3

    Məsihin şagirdlərinə verdiyi son əhdlərindən biri “Sizə bir-birinizi sevəsiniz deyə yeni bir əmr verirəm: sizi sevdiyim kimi, siz də bir-birinizi sevin” idi (Yəh. 13:34). Biz bu əmrə itaət edirikmi, yoxsa xasiyyətimizdəki qaba, qeyri-məsihçi cəhətlərə göz yumuruq? Əgər yaxınlarımızı kədərləndirib, incitmişiksə, bizim borcumuz öz günahımızı etiraf edib, var gücümüzlə barışığa çalışmaqdır. Allahın hüzurunda həqiqi imanla dayanaraq, Onun xeyir-duasını istəmək üçün bu, mühüm şərtdir.HD 100.1

    Rəbbin hüzuruna dua ilə gələnlər tez-tez başqa bir cəhəti də unudurlar. Allahla münasibətlərimizdə biz həmişəmi səmimiyik? Məlaki peyğəmbərin vasitəsilə Rəbb deyir: “Atalarınızın dövründən bəri qaydalarımdan döndünüz və onlara əməl etmədiniz. Mənə tərəf dönün, Mən də sizə tərəf dönərəm”, deyir Ordular Rəbbi. Siz “necə dönək?” — deyə soruşursunuz. İnsan da Allahdan oğurlayarmı? Siz isə Məndən oğurlayırsınız. “Səndən nəyi oğurlayırıq?” — deyə soruşursunuz. Ondabirləri və təqdimləri oğurlayırsınız” (Mal. 3:7, 8).HD 100.2

    Hər cür xeyir-dua Vericisi olan Allah malik olduğumuz hər şeyin müəyyən hissəsinə hüququ olduğunu bəyan edir. Bu hissə Müjdənin bütün dünyaya yayılması məqsədilə ayrılıb. Allahdan aldığımız vəsaitlərin bir qismini qaytarmaqla, biz Onun ənamları üçün öz minnətdarlığımızı bildiririk. Lakin əgər Ona mənsub olanı qaytarmaqdan imtina ediriksə, necə Ondan xeyir-dua istəyə bilərik? Əgər yerdəki işlərimizdə biz bu qədər etibarsızıqsa, Onun səma işlərini bizə etibar edəcəyini necə güman edə bilərik? Bəlkə dualarımızın çoxunun cavabsız qalmasının səbəbi bundadır.HD 100.3

    Lakin Rəbb Öz sonsuz mərhəmətilə bizi əfv etməyə hazırdır və belə deyir: “Bütün ondabirlərinizi anbara gətirin ki, məbədimdə həmişə ərzaq olsun”. Ordular Rəbi deyir: “Siz bununla Məni sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam,üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam. Çəyirtkələri əkinlərinizi yeməyə qoymayacağam, tarlada meynəniz məhsulsuz qalmayacaq” deyir Ordular Rəbbi. “Bütün millətlər sizi bəxtiyar sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaq” deyir Ordular Rəbbi” (Mal. 3:10-12).HD 100.4

    Bu vəd Allahın hər bir başqa tələbinə də aiddir. Onun bütün ənamları bizim itaətimiz şərtilə vəd edilmişdir. Allahın göyləri Ona kömək edənlər üçün xeyir-dualarla doludur. Ona tabe olanların hamısı Onun vədlərinin icra olunmasını diləyib, imanla gözləyə bilərlər.HD 101.1

    Ancaq bununla bərabər, biz Allaha möhkəm, sarsılmaz iman göstərməliyik. Bəzən O bizim duamıza cavab verməyə tələsmir ki, imanımızı sınasın, yaxud diləyimizin səmimiliyinə əmin olsun. Kəlamına uyğun olaraq diləklərimizi Ona ucaltdığımız zaman, Onun vədinə imanımızı qoruyaraq dualarımızda daimi olub, rədd edilməsi mümkün olmayan yorulmazlıq göstərməliyik.HD 101.2

    Allah buyurmamışdır ki, bir dəfə diləyin və sizə veriləcəkdir. O bizi yorulmadan diləməyə həvəsləndirir. Dualarınızda inadlı olun. Yorulmaz diləklər — diləyən insanı daha səmimi və dərin hisslərə gətirir; onun nə isə əldə etmək istəyi çoxalır. Lazarın qəbri önündə Məsih Martaya belə dedi: “Əgər iman edərsənsə, Allahın izzətini görəcəksən” (Yəh. 11:40).HD 101.3

    Çoxları isə canlı imana malik deyildirlər. Məhz buna görə də onlar Allahın qüdrətinin bu qədər təzahürlərini görmürlər. Onların zəifliyinin səbəbi imansızlıqdadır. Öz qabiliyyət və imkanlarına Allahın onlar üçün etdiyi işlərindən çox inanırlar. Yalnız özlərinə güvənərək, bütün işlərini öz güclərilə yerinə yetirmək istəyirlər. Onlar plan və layihələr qururlar, lakin az dua edir və Allaha az etibar edirlər. Bəzən onlar hətta imanlı olduqlarını güman edirlər, lakin bu, yalnız ani bir meyldir. Öz həqiqi ehtiyaclarını dərk edib, Allahın onları ödəmək istəyini dərk etmədikləri üçün bu adamlar Allaha müraciətlərində inad və səy göstərmirlər.HD 101.4

    Bizim dualarımız da gecə yarısı qonaq gəlmiş dostu üçün qonşusundan çörək istəyən yoxsul adamın xahişi qədər qızğın və inadlı olmalıdır. Diləklərimiz nə qədər səmimi və inadlıdırsa, bizim Məsihlə ruhlu birliyimiz bir o qədər sıx olur. Nəticədə, biz getdikcə daha çox xeyir-dua alacağıq, çünki imanımız güclənəcəkdir.HD 101.5

    Bizim vəzifəmiz yalnız dua ilə iman etməkdir. Dualarınızda ayıq olun. Ayıq olun və öz səylərinizi duaları eşidən Allahla birləşdirin. Daim yadınızda saxlayın ki, “biz Allahın yanında əməkdaşlarıq” (1 Kor. 3:9). Qoy sizin əməl və sözləriniz dualarınıza uyğun olsun. Bu sınaq sizin imanınızın səmimiliyini, yaxud dualarınızın ancaq cansız mərasim olduğunu sübut edəcəkdir.HD 102.1

    Maneə və çətinliklərlə üzləşdiyiniz zaman adamların köməyinə güvənməyin. Allaha etibar edin. Öz problemlərimizlə başqalarına müraciət etdikdə zəifləyirik və əlbəttə ki, öz həmsöhbətimizə də güc vermirik. Bununla biz yalnız öz ruhlu gücsüzlüyümüzü onların üzərinə qoyuruq, onlar isə bunu yüngülləşdirə bilmirlər. Biz günahkar, ölümə məhkum insandan güc almağa çalışırıq, halbuki bunu bizə Müqəddəs, Nəhayətsiz Allah verə bilər.HD 102.2

    Allah yanımızda ikən müdriklik dalınca dünyanın axırına getmək lazım deyil. Sizin müvəffəqiyyətinizi malik olduğunuz, yaxud nə vaxtsa alacağınız qabiliyyətləriniz təmin etməyəcəkdir. Bunun hamısını sizdən ötrü Rəbb edə bilər. İnsanın edə biləcəyinə az arxalanaraq, Allahın hər imanlı qəlb üçün edə biləcəyinə bel bağlamaq lazımdır. O arzu edir ki, imanla Onun hüzuruna gəlib Ondan böyük işlər gözləyəsiniz. O sizə yalnız ruhlu məsələlərdə aydınlıq və müdriklik vermək yox, həm də dünyəvi işlərdə bilik vermək istəyir. O sizin intellektual imkanlarınızı genişləndirə bilər. Sizə ustalıq və müdriklik verə bilər. İşinizdə səy göstərin, Allahdan müdriklik diləyin və sizə veriləcəkdir.HD 102.3

    Məsihin sözünü etibarlı zəmanət kimi qəbul edin. Məgər O sizi yanına dəvət etmirmi? Heç vaxt ümidsizliyə qapılıb vəziyyətinizin çarəsiz olduğunu söyləməyin. Belə etdikdə siz çox şey itirirsiniz. Yaranmış şərait qarşısında qorxu və çətinliklərdən şikayət, rastlaşa biləcəyiniz bəlalar qarşısında keçirdiyiniz həyəcan onu göstərir ki, sizin imanınız zəifləyib, sarsılmışdır. Elə danışıb hərəkət edin ki, sanki imanınız sarsılmazdır. Rəbb üçün hər şey mümkündür; dünyanın hökmdarı Odur. İmanla baxın göylərə. İşıq, qüdrət və izzət Sahibinə müraciət edin.HD 102.4

    Həqiqi imanda möhkəm, səbatlı prinsiplər, zamanın və sınaqların sarsıda bilmədiyi məqsədyönlülük olur. “Hətta cavanlar yorular, taqətdən düşərlər, igidlər əldən düşüb titrəyərlər. Rəbbə ümid bağlayanlar isə yeni qüvvət alarlar, qanad açıb qartal kimi yüksəklərə uçarlar, qaçanda taqətdən düşməzlər, yol gedib yorulmazlar” (Yeş. 40:30, 31).HD 103.1

    Çoxları insanlara yardım etmək istəyirlər, lakin hiss edirlər ki, bölüşə biləcək ruhlu qüvvəyə və işığa malik deyillər. Onlar öz duaları ilə lütf taxtına müraciət edib Müqəddəs Ruhun göndərilməsini istəməlidirlər. Allah verdiyi hər bir vədinə sadiqdir. Əlinizdə Müqəddəs Kitabı tutaraq Ona müraciət edin və söyləyin: “Ya Rəbb, mən Sənin dediyin kimi etmişəm. İndi isə Sənin “Diləyin, sizə veriləcəkdir; axtarın, tapacaqsınız; qapını döyün, sizə açılacaqdır” vədinə müvafiq olaraq Sənə müraciət edirəm”.HD 103.2

    Biz yalnız Məsihin adı ilə deyil, eyni zamanda Müqəddəs Ruhdan ilhamlanaraq dua eləməliyik. “Ruh Özü isə ifadə olunmaz ahlarla bizim üçün vəsatət edir” cümləsi bu fikri nəzərdə tutur (Rom. 8:26). Belə diləyə Allah sevinclə cavab verəcəkdir. Biz Məsihin adı ilə səmimi və hərarətli dua etdiyimiz zaman, Allah məhz bu hərarətli dualarımıza görə “xahiş etdiyimiz, yaxud düşündüyümüzdən artıq” etmək niyyətində olur (Ef. 3:20).HD 103.3

    Məsih demişdir: “Dua edib, istədiyiniz hər şeyi almış olduğunuza iman edin və sizə olacaqdır” (Mk. 11:24). “Mənim ismimlə hər nə dilərsinizsə, onu edəcəyəm; ta ki, Ata Oğulda izzətlənsin” (Yəh. 14:13). Sevimli Yəhya da Müqəddəs Ruhdan ilham alıb böyük inam və aydınlıqla söyləyir: “Əgər biz Onun iradəsinə uyğun şəkildə bir şey diləyiriksə, O, bizi eşidir. Əgər biz biliriksə ki, O, hər dilədiyimizi eşidir, biz Ondan xahiş etdiyimizi alacağımızı da bilirik” (1 Yəh. 5:11, 15). Ataya yönəlmiş dualarınızı İsa adı ilə ucaldın. Allah bu ada hörmət edir və sizi eşidəcəkdir.HD 103.4

    Allahın taxtını əhatə edən göy qurşağı Onun hər şeydə sadiq olduğunu, Onda heç bir dəyişikliyin baş vermədiyini göstərir. Biz Onun qarşısında günahkarıq və Onun lütfünə layiq deyilik və buna baxmayaraq, Onun Özü bizim dodaqlarımıza ecazkar dilək kəlmələri bəxş etmişdir: “Öz adın naminə bizdən imtina etmə, Öz izzətli taxtını alçaltma. Bizimlə olan əhdini pozma, yada sal” (Yer. 14:21). Öz ləyaqətsizliyimizi və günahkarlığımızı etiraf edib, Onun hüzuruna gəldiyimiz zaman, Özü bizim duamızı dinləyəcəyini vəd edir. Taxtının izzətinin özü Onun bizə verdiyi sözün möhkəmliyi üzərində dayanır.HD 104.1

    Məsihi təsvir edən Harun kimi, Xilaskarımız məbədindəki adamlarının hamısının adlarını Öz ürəyinin əqdəsində daşıyır. Baş Kahinimiz bizdə etibar yaradan bütün sözlərini xatırlayır. O bizimlə bağladığı əhdini əbədiyyən xatırlayır.HD 104.2

    Məsihə üz tutmuş hər kəs Ona malik olacaqdır. Hər döyən üçün qapı açılacaqdır. Heç kimə deyilməyəcəkdir: “Məni narahat etmə, artıq qapılar bağlıdır, Mən onları açmaq istəmirəm”. Heç kimə deyilməyəcəkdir: “Mən sənə kömək edə bilmərəm”. Gecə yarısı ac qəlbləri doydurmaq üçün çörək diləyənlər istədiklərini alacaqlar.HD 104.3

    Məsəldə qonaq üçün çörək istəyən “istədiyi qədər” alır. Bəs başqaları ilə bölüşə biləcəyimiz lütfü Allah hansı ölçü ilə verəcəkdir? Yazıda deyilir: “...Məsihin verdiyi ölçü ilə” (Ef.4:7). Mələklər insanın öz yaxınlarına münasibətinə diqqətlə nəzarət edirlər. Görəndə ki, kimsə büdrəyənə məsihcəsinə mərhəmət göstərir, ona kömək edirlər və təskinlik sözlərini onun yadına salırlar. Bu sözlər onun dilində günahkar üçün həyat çörəyi olacaqdır. Beləliklə, Allah “Öz izzətli zənginliyinə görə Məsih İsa vasitəsilə sizin hər cür ehtiyacınızı ödəyəcəkdir” (Flp. 4:19). O sizin səmimi və doğru şəhadət sözlərinizi gələcək həyata məxsus olan qüvvə ilə dolduracaqdır. Rəbbin Sözü sizin dodaqlarınızda həqiqət və düzgünlük rəmzinə çevriləcək.HD 104.4

    Şübhəsiz ki, yaxınlarınızın xilasına yönəlmiş şəxsi səylərinizə təklikdə etdiyiniz fədakar dualarınız təməl qoymalıdır. Qəlbləri xilas etmək elmi böyük müdriklik tələb edir. İnsanların yanına getməzdən əvvəl İsanın hüzuruna gəlin. İnsanlara xidmət etməyə hazırlıq səma lütfününHD 105.1

    taxtı önündə keçir.HD 105.2

    Qoy sizin ürəyiniz Allaha, diri Allaha yönəlməyə çalışsın. Məsihin həyatı İlahi təbiətin iştirakçısı olan insanın nə kimi işlər görə bildiyini göstərir. Məsihin Allahdan aldığı hər şeyə biz də malik ola bilərik. Deməli, diləyin və alacaqsınız. Allahın vəd etdiyi hər şeyi Yaqubun inadkar imanı ilə, İlyasın sarsılmaz mətinliyi ilə diləyin.HD 105.3

    Qoy sizin şüurunuzu Allahın ali niyyətləri doldursun. Qoy sizin həyatınız gözəgörünməz bağlarla İsanın həyatına bağlansın. İşıqla zülmətə nur saçmağı buyurmuş Allah sizin ürəyinizi də nurlandırıb, İsa Məsihdə açılmış ilahi izzəti dərk etmək üçün işıq bəxş etmək istəyir. Müqəddəs Ruh sizə İlahi sirləri açıb, onları itaətkar ürəyinizi möhkəmləndirən canlı qüvvəyə çevirəcəkdir. Məsih sizi Nəhayətsizin qapısına çatdıracaqdır. Onda siz pərdə arxasında olan izzəti görəcək və bizdən ötrü vəsatət etmək üçün hər zaman diri Olanın dolğunluğunu insanlara aça biləcəksiniz.HD 105.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents